[b]“İcarədəki futbolçularımız bizə qarşı oynamamalıdı” – Roman Qriqorçuk[/b]
28.04.2018 - 21:12
[b]“İcarədəki futbolçularımız bizə qarşı oynamamalıdı” – Roman Qriqorçuk[/b]

“Bu matçda hər şey normal alındı. Biz qalib gəldik. Bəlkə kiməsə elə göründü ki, hər şey asanlıqla oldu. Mən belə deməzdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXV turunda dogma meydanda “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar” 3:0 hesablı qələbə qazanıblar.

 

Matçdan sonra oyunla bağlı fikirlərini klub saytı ilə paylaşan ukraynalı çalışdırıcı matçı belə şərh edib: “Ona görə qalib gəldik ki, biz çox düzgün oynadıq və qol imkanlarından istifadə yaxşı səviyyədə idi. Düzdü, matçın sonlarında elə imkanlar yaratdıq ki, onlardan da yararlana bilərdik. İki hissənin fərqli alınması motivasiya ilə bağlı deyil. Biz hər görüşdə qalib gəlib, xal qazanmaq istəyirik. Futbolçular da oyunlarda inkişaf etməli, təkmilləşməlidir. İkinci hissədə qol imkanlarından istifadə ilk yarıdakı ilə müqayisədə aşağı idi”.

 

Qriqorçuk ölkə kuboku haqqında da danışıb: “Mayın 28-də keçiriləcək Azərbaycan kubokunun finalının ertəsi gün milinin yoxlama matçı olması ilə bağlı heç kimlə müzakirə aparmamışıq. Final haqda düşünürük. Biz ən yaxşı hazır olan bütün futbolçuları meydana buraxacağıq. Aydın məsələdir ki, bizim üçün vacib olan finalda iştirak edənlər ertəsi gün yoxlama oyununda meydana çıxa bilməyəcək. Yoldaşlıq görüşündə digər futbolçuları sınamaq imkanı olacaq. Amma bunlar mənim ehtimallarımdır. Şəxsi mövqeyim belədir ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdı. Bu fikrim rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq belədir. Lakin hər hansı oyunçu barədə müəyyən razılaşma varsa, mən buna qarşı da deyiləm”.