[b]UEFA: İdeal Almaniya, məğlubiyyətsiz Azərbaycan[/b]
12.10.2016 - 12:59
[b]UEFA: İdeal Almaniya, məğlubiyyətsiz Azərbaycan[/b]

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışı UEFA-nın da diqqətindən yayınmayıb. Apasport.az saytı xəbər verir ki, qitə futbol qurumu rəsmi saytı vasitəsilə dünənki qarşılaşmaların nəticələrini təqdim etdiyi yazıda yığmamızın 3 turda 7 xal toplamasını xüsusi vurğulayıb.

 

C qrupunda 3 turdan sonrakı vəziyyəti dəyərləndirən sayt Almaniya yığmasının rəqibsiz olduğuna işarə vurub. “İdeal Almaniya, məğlubiyyətsiz Azərbaycan” başlıqlı yazıda millimizin Çexiya səfərindən qolsuz bərabərliklə dönməsinin ciddi nailiyyət olduğu qeyd edilib. Komandamızın qrupda yalnız Almaniyadan geri qaldığını bildirən məqalədə 7 xal toplayan Robert Prosineçkinin yetirmələrinin artıq rəqibləri üçün asan yem olmadığı yazılıb.

 

Ötən ay San-Marino üzərində qazanılan səfər qələbəsi barədə isə qısaca belə yazılıb: “Azərbaycan yığması 18 oyunluq həsrətdən sonra ilk dəfə səfərdən 3 xalla dönmüşdü”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində San-Marino və Norveç üzərində minimalhesablı (1:0) qələbə qazanan Azərbaycan millisi Çexiya ilə də qolsuz heç-heçə edib. Komandamız 3 turdan sonra 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.