[b]“İndi yalnız “Qarabağ”la matçı düşünmək lazımdı”[/b]
05.12.2016 - 11:27
[b]“İndi yalnız “Qarabağ”la matçı düşünmək lazımdı”[/b]

“Komandamız çox yaxşı çıxış etdi və layiq olduğu qələbəni qazandı. Hakimin bir neçə mübahisəli qərarı da 3 xal almağımıza mane olmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın iki sahibindən biri olan Andrea Della Valle deyib.

 

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi İtaliya A seriyasının XV turunda “Palermo” üzərində (2:1) çətin qələbə qazanaraq, turnir cədvəlində 8-ci pilləyə yüksəlib. Qarşılaşma ilə bağlı yerli mətbuata danışan Della Valle layiqli qələbə qazandıqlarını söyləyib.

 

O, həmçinin komandadan ayrılmaq istəyən kapitan Qonzalo Rodriges, eləcə də “Qarabağ”la Avroliqa matçı barədə də fikirlərini bildirib: “Qonzalo Rodriges haqda danışmaq istəmirəm. Çünki Qonzalo mənimlə söhbətində karyerasını “Fiorentina”da bitirmək istədiyini demişdi. İnanıram ki, o, bizimlə qalacaq. Artıq bütün diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Mövsümün sonu ilə bağlı hədəf müəyyənləşdirmək çətindi. Əsas hər oyuna 3 xal üçün çıxmaqdı. Futbolçularla söhbətdə də dedim ki, indi yalnız “Qarabağ”la matçı düşünmək lazımdı. Avropa Liqasında qrupu ilk sırada tamamlamaq üçün son turda cəmi 1 xal qazanmalıyıq. Bu, bizim üçün çox vacibdi”.

 

Qeyd edək ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.