“İnter”in avrokuboklarda iştirakına qoyulan cəza başa çatır. Apasport.az saytının məlumatına görə, buna səbəb bakılıların mövsümü 4-cü pillədə başa vurmasıdı.
Avrokuboklara vəsiqə verən nəticə qazanan paytaxt təmsilçisi qitə miqyaslı turnirdən kənarda qalacaq. Beləliklə, UEFA-nın qarşıdakı 3 mövsüm ərzində 1 dəfə yarışdan kənar qalmaqla bağlı cəzası tətbiq olunub, sona çatacaq.
Cəzanın elə ilk mövsümdə tətbiqi “bankirlər”in növbəti çempionatda avrokuboklara vəsiqə üçün oynamasına imkan verəcək.
“İnter” buna Topaz Premyer Liqasının XXXVI turunun “Zirə” üzərində qələbə sayəsində nail olub. 2-ci pilləni əvvəldən təmin edən sonuncular lisenziyalaşdırma tələblərinə cavab vermədiyindən Çempionlar Liqasına yüksələn “Qarabağ”ın ardından Avropa Liqasına 3-cü və 4-cü yerlərin sahibləri çıxmalı idi. “Qəbələ”dən əlavə göstəricilərdə geri qalan “İnter” 4-cü yerlə qitə səhnəsinə çıxmaq hüququ qazanıb və cəza səbəbindən bunun 5-ci olan “Kəpəz”ə keçməsi ilə barışmalı olacaq.
Qeyd edək ki, CAS (İdman Arbitraj Məhkəməsinə) müraciət edən “İnter” qurumun cəzanın ləğvi ilə bağlı qərarını gözləyir. Bu baş versə, bakılılar vəsiqə əldə etdiyi yarışda mübarizə apara biləcək.