[b]“Bu, PFL yox, AFFA ilə olan məsələdi"[/b]
19.01.2016 - 12:06
[b]“Bu, PFL yox, AFFA ilə olan məsələdi"[/b]

“PFL prezidenti Ramin Musayevlə görüşmüşəm. Söhbət zamanı onlara olan borcun ödənilməsi ilə bağlı ilkin razılaşma əldə etmişik”. Bunu apasport.az saytına “İnter” klubunun prezidenti Rəşad Qasımov deyib.

 

AFFA “Qarabağ” istisna olmaqla, Topaz Premyer Liqasının digər 9 iştirakçısına borclarını ödəmək üçün yanvarın 29-dək vaxt verib. Həmin müddətə qədər borclar ödənilməsə, komandalar həm yeni transferləri qeydiyyata sala, həm də heyətlərindəki əcnəbi futbolçuların xidmətindən yararlana bilməyəcəklər.

 

Hələlik yalnız “Qəbələ” klubu borcunu ödəyib. Verilən vaxtın bitməsinə cəmi 10 gün qalmasına baxmayaraq, digər 8 komanda məsələni hələ də yoluna qoymayıb.

 

Ancaq deyəsən, “İnter” də bu cəzalardan canını qurtara biləcək. Belə ki, Rəşad Qasımov borclarını ödəməyə başladıqlarını söyləyib: “Borcun bir hissəsini ödəmişik. Ayın sonuna qədər qalan borcu da verəcəyik. Ümid edirəm ki, klublar belə ciddi sanksiya ilə üzləşməzlər. Çünki hamı indiki vəziyyəti başa düşür. Yəqin ki, bir problem yaranmaz”.

 

“İnter”in özünün də alacağı var. “Bankirlər” həm UEFA-dan gələn pulu, həm də yayım haqqını AFFA-dan hələ almayıb. Qasımov bununla bağlı görüşlərinin olacağını da əlavə edib: “Bu, PFL yox, AFFA ilə olan məsələdi. Onunla bağlı da yəqin ki, görüşlərimiz olacaq”.

 

Ruslan SADIQOV