Topaz Premyer Liqasının XXX turunda “Kəpəz”in qonağı olacaq “İnter” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, 4 futbolçu Gəncədə məşqçilər korpusunun ixtiyarında olmayacaq.
Bunlar qapıçı Kamran Ağayev, yarımmüdafiəçi Nizami Hacıyev və hücumçular Rauf Əliyevlə Sezar Meza Kollidi. XXVII turda “Neftçi” ilə qarşılaşmada zədələnən kapitan Nizami Hacıyev hələ də müalicə alır.
Onunla yanaşı, əsas qapıçı Kamran Ağayev də Gəncəyə gedəcək heyətdə yer almayacaq. Milli komandamızın qolkiperinin ayağındakı gips həftəsonu açılacaq. Ondan sonra yenidən MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək Ağayevin durumuna məhz həmin vaxt aydınlıq gələcək.
Ağır zədədən dönən və 7 aylıq fasilədən sonra ötən turda “İnter”in əvəzedicilərində meydana çıxan hücumçu Rauf Əliyev isə hələ bir müddət də əsas komandaya kömək edə bilməyəcək. Baş məşqçi Zaur Svanadze oyun praktikasını artırması üçün qarşıdakı iki turda da Əliyevin əvəzedicilərdə oynamasını məqsədəuyğun bilir.
Paraqvaylı forvard Sezar Meza Kolli isə 4 sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
Bütün bunların fonunda yalnız gənc hücumçu Qara Qarayev zədəsini tam sağaldıb və kollektivlə birlikdə məşqlərdə iştirak edir.
Qeyd edək ki, aprelin 16-da “Kəpəz”lə qarşılaşacaq “İnter” matçdan bir gün öncə Gəncəyə yollanacaq.