Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında verilmiş fasilədən istifadə edərək Gürcüstanda təlim-məşq toplanışı keçən “İnter” artıq vətəndədi. Apasport.az saytının məlumatına görə, 2 günlük istirahətdən sonra komanda bu gündən məşqləri bərpa edəcək.
Ölkə birinciliyinin IV turunda “Sumqayıt”la qarşılaşacaq paytaxt klubunda iki əsas itki diqqət çəkir. Belə ki, müdafiəçilər – rumıniyalı Adrian Skarlatake və Ruslan Abışov zədələnib.
Əsas heyətin iki oyunçusunun sağlıq vəziyyətinin nə yerdə olması barəsində klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədova müraciət etdik. Klub rəsmisinin verdiyi məlumata görə, Skarlatakenin zədəsi ciddidir və rumıniyalının ən az 3 həftə oynamayacağı dəqiqdir.
Zədə səbəbindən millinin düşərgəsindən ayrılan Ruslan Abışovun da növbəti matçda oynayıb-oynamayacağı sual altındadı. Çempionata uğurla start verən müdafiəçi böyük ehtimalla “kimyaçılar”la görüşü buraxmalı olacaq.