[b]“İnter”in kapitan dərdi və zədə “epidemiyası”[/b]
31.03.2016 - 12:20
[b]“İnter”in kapitan dərdi və zədə “epidemiyası”[/b]

Topaz Premyer Liqasının XXVII turunda “Neftçi”yə uduzan “İnter”in başının üstünü “qara buludlar” alıb. Apasport.az saytının məlumatına görə, növbəti üç Avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilən “bankirlər”i digər tərəfdən heyətdəki problemlər narahat edir.

 

Zədəsini təzəcə sağaldan və “Neftçi” ilə matçın ikinci hissəsində meydana daxil olan Nizami Hacıyev yenidən sıradan çıxıb. Əzələsi dartılan kapitan bu səbəbdən 55-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Klubdan verilən məlumatda Hacıyevin əvvəlki zədəsini təkrarladığı bildirilir. Həkimlər yenidən müalicə prosesinə ehtiyacı olacaq 28 yaşlı yarımmüdafiəçini bu gün tibbi müayinədən keçirəcəklər.

 

“Bankirlər”in heyət problemi bununla bitmir. Komandanın əsas heyət üzvləri Abbas Hüseynov və Fuad Bayramov sağlamlıqları ilə bağlı problemlə üzləşiblər. Hər iki futbolçu yüksək hərarətdən əziyyət çəkdiklərindən, adları dünənki matçın iştirak ərizələrinə daxil edilməmişdi. Abbas və Fuadın XXVIII turda “Qəbələ” ilə keçiriləcək oyunu da buraxmaq ehtimalları çoxdu. Bundan əlavə, hücumçu Qara Qarayev də hələ sıraya dönməyib. Artıq 2 həftədi ki, yaşıl meydanlardan uzaq qalan gənc futbolçu fərdi məşqlərlə kifayətlənir.

 

“Qəbələ” ilə görüşün hazırlığına bu gündən start verən “İnter”in səhər məşqində dünən meydana çıxmayan futbolçular məşqçilər korpusunun xidmətində olublar. Kollektivlə birgə məşqlərə isə sabahdan start veriləcək.

 

Gürcüstan yığmasının heyətindən qayıdan Nika Kvekveskiri “bankirlər”in düşərgəsinə qayıtsa da, məşqlərə sabahdan başlayacaq.

 

Qeyd edək ki, “Qəbələ” – “İnter” matçı aprelin 3-də keçiriləcək.