Çempionatın ikinci hissəsinə hazırlığı Antalyada davam etdirən “İnter” sabiq futbolçusu Junior Nildonu heyətinə qata bilməyib. Apasport.az saytının məlumatına görə, adı “bankirlər”lə birgə hallanan 33 yaşlı hücumçu gözlənildiyi kimi, Polşanın “Olimpiya” klubu ilə anlaşıb.
Bir neçə gün öncədən Qrudziadts təmsilçisinin düşərgəsinə qoşulan Nildonun karyerasını elə bu komandada davam etdirəcəyi bəlli idi. “Olimpiya”nın baş məşqçisi Yaçek Paszulevits ölkəsinin mətbuatına açıqlamasında Nildonun Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərdiyini və onun transferinin faydalı olacağını bildirmişdi.
Təcrübəli forvard dünən tibbi müayinədən keçib. Daha sonra isə Nildo ilə “Olimpiya” rəhbərliyi arasında rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, Nildo Azərbaycandakı karyerası ərzində “İnter”lə yanaşı, AZAL və “Xəzər Lənkəran” klublarının da formasını geyinib.