Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov yeni komandası “Aue”də ümidlərini doğrultmur. Apasport.az saytının məlumatına görə, II Bundesliqa klubunun baş məşqçisi Pavel Doçev onun çıxışından narazıdı.
VII tur çərçivəsində “Karlsrue” ilə qarşılaşmaya start heyətində çıxan Nazarov özünü yaxşı tərəfdən göstərə bilməyib. “Aue”nin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşan qarşılaşmada Doçev yetirməsinin oyunundan razı qalmayıb.
Bununla bağlı Almaniya mətbuatına açıqlama verən bolqarıstanlı çalışdırıcı Nazarovu tənqid edib. O qeyd ki, Dimadan istədiyi oyunu ala bilmir: “Bəlkə də Nazarova daha çox dəstək və şans vermək lazımdı. Çoxlu oyun keçirməli olduğunu nəzərdə tuturam. Ancaq meydana çıxdığı matçda istədiyim kimi çıxış etmirsə, ona hər dəfə şans verə bilmərəm”.
51 yaşlı Doçev Nazarovu yaxşı futbolçu adlandırsa da, bununla heyətdəki yerin təmin olunmadığını dilə gətirib: “İxtiyarımda geniş heyət var. Nazarov ümumilikdə yaxşı futbolçudu. Amma bununla iş bitmir. Növbəti həftədə də heyətə düşmək üçün buna hazır olmaq lazımdı”.
Qeyd edək ki, 7 oyundan sonra aktivində 7 xal olan “Aue” 12-ci pillədə qərarlaşıb. Nazarovun komandası çempionatda növbəti görüşünü sentyabrın 30-da öz meydanında “Boxum”a qarşı keçirəcək.