[b]“İtaliya yığması Azərbaycana qalib gəlməklə öyünə bilər”[/b]
29.12.2015 - 12:23
[b]“İtaliya yığması Azərbaycana qalib gəlməklə öyünə bilər”[/b]

İtaliya mətbuatı yığma komandanın 2015-ci ildəki çıxışını qənaətbəxş hesab etmir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan “Skuadra Adzurra” bu il güclü komandalara qalib gələ bilməyib.

 

Həmkarlarımız Antonio Kontenin komandasının ən böyük uğuru seçmə mərhələdə nisbətən zəiflər üzərində qazandığını qeyd ediblər: “Yığmamız il ərzində yalnız Malta, Bolqarıstan, Azərbaycan və Norveçə qalib gəlməklə öyünə bilər. Amma güclü komandaların heç birini məğlub edə bilməmişik. Kontenin yetirmələri yoldaşlıq görüşləri də daxil olmaqla, Bolqarıstan, İngiltərə, Xorvatiya, Rumıniya ilə bərabərə qaldı, Portuqaliya və Belçikaya isə məğlub oldu”.

 

Hazırkı “Skuadra Adzurra”nın Avropa çempionatının final mərhələsində qızıl medallara iddiasını real hesab etməyən italyanlar problemin Kontedə yox, onun ixtiyarındakı futbolçularda olduğunu bildiriblər.

 

Yerli KİV 2015-ci ilin ən böyük uğuru kimi yığma komandanın AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmasını və “Yuventus”un Çempionlar Liqasında finalçı olmasını göstərib.

 

Qeyd edək ki, seçmə mərhələdə yer aldığı H qrupunu 24 xalla birinci pillədə tamamlayan “Skuadra Adzurra” oktyabrın 10-da Bakıda keçirilən qarşılaşmada Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etmişdi.