[b]“Kəpəz”in futbolçusu: Felipe Melonun davamçısıyam[/b]
01.04.2016 - 14:48
[b]“Kəpəz”in futbolçusu: Felipe Melonun davamçısıyam[/b]

“Mən komanda üçün oynayıram. Əsas olan komandanın qələbəsidi, kimin qol ötürməsi verməsinin və qol vurmasının fərqi yoxdu. Azarkeşlərimizə qələbə bəxş etdiyimizə görə sevinirik. Əsas arzumuz Avroliqaya yollanmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Budaq Nəsirov deyib.

 

Klubun rəsmi saytına açıqlama verən gənc yarımmüdafiəçinin Topaz Premyer Liqasının XXVII turunda “Zirə” üzərindəki 2:0 hesablı qələbədə əməyi az olmadı. Belə ki, 62-ci dəqiqədə rəqib qapısına doğru irəliləyən Nəsirovun cərimə meydançasında kobudluqla dayandırılmasından sonra oyunu idarə edən baş hakim 11 metrlik cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən “Kəpəz”in kapitanı Tural Axundov isə hesabı açdı.

 

“Zirə” ilə oyun haqda danışan Nəsirov bunları əlavə edib: “Onlara bundan öncəki matçlarda iki xal verib, özümüz dörd xaldan məhrum olmuşduq. Fikrimcə, əvvəlki oyunlarda da qələbə qazanmalıydıq, çünki buna çox yaxın idik. Rəqibdən üstün ola-ola heç-heçə oynamışdıq. Bu dəfə nəhayət ki, üstünlüyümüzü hesabda da əks etdirə bildik”.

 

Budaq Nəsirov Bakı klubu ilə görüşdə sarı vərəqə almaqla mövsümdə üçüncü dəfə cəzalı duruma düşməsinə də toxunub: “Aqressiv oynamağı çox sevirəm. Kumirim də Felipe Melodu, ondan motivasiya alıram. Melo fantastik futbolçudu, onun davamçısıyam (gülümsəyir). Hər oyunda komandama kömək etmək istəyirəm. Mübarizələri uduzmağı sevmirəm, ona görə də vərəqələrsiz keçinmək olmur”.

 

0