[b]“Kəpəz”in həsrəti: 16 oyun = 14 il[/b]
09.04.2016 - 14:06
[b]“Kəpəz”in həsrəti: 16 oyun = 14 il[/b]

Topaz Premyer Liqasının XXIX turunda “Kəpəz” üzərində böyükhesablı (4:0) qələbə qazanan “Qarabağ” uğurlu seriyalarını davam etdirib. Apasport.az saytının məlumatına görə, gəncəlilər əzəli rəqibləri önündə uğursuzluğa son qoya bilməyiblər.

 

Sonuncu dəfə 2002-ci il aprelin 6-da “Qarabağ” üzərində qələbə qazanan “Kəpəz” artıq 16 oyundu ki, bu rəqiblə görüşlərdə 3 xala həsrətdi. Cari mövsümdə gəncəliləri 4-cü matçda da üstələyən “Qarabağ” həm də bu rəqibi önündə ardıcıl 5-ci qalibiyyətini əldə edib.

 

Son 5 ev oyununun 4-də qalib gələn “Qarabağ” həmçinin axır 11 qarşılaşmanın yalnız 1-də “Kəpəz”ə 1 xal verib.

 

Beləliklə, Gəncə təmsilçisinin 14 illik qələbə həsrəti dünənki matçdan sonra da davam edib. “Kəpəz” “Qarabağ” üzərində son səfər qələbəsini isə 17 il öncə qazanıb.

 

Dünənki qələbə ağdamlıların top fərqində də önə keçmələrinə şərait yaradıb. Belə ki, bu görüşə qədər komandalar bir-birilərini 52 dəfə məyus etmişdilər. “Azərsun Arena”da 4:0 hesablı qələbə sayəsində “Qarabağ” 4 top önə keçib.

 

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində bu komandalar arasında indiyə qədər keçirilən 41 oyunun 19-da “Qarabağ”, 14-də “Kəpəz” qələbə qazanıb, 8 matçda isə sülh qeydə alınıb.

 

0