[b]“Komanda yoldaşımdı, xətrinə dəymək istəmədim” – Cavid Hüseynov[/b]
19.04.2018 - 00:00
[b]“Komanda yoldaşımdı, xətrinə dəymək istəmədim” – Cavid Hüseynov[/b]

“Qəbələ”nin kapitanı Cavid Hüseynov “Neftçi” ilə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Nəticə sürpriz olmadı?

- Ordakı oyundan sonra da demişdim ki, inanırıq turu keçəcəyimizə. Siz də məsxərəyə qoymuşdunuz ki, “Roma”sınız, “Yuventus”sunuz və s. Amma şükr olsun ki, əziyyətimizin və birliyimizin sayəsində finala çıxdıq. Bizə inanan azarkeşlərə minnətdarlığımı bildirirəm.

 

- İki oyun arasında bir həftə vaxt oldu. 7 gündə nə dəyişdi ki, komanda belə yaxşı oynadı?

-  Bizdə əsas məsələ psixoloji yanaşmadı. Bir az geriləmə var idi. Bu gün onu aradan qaldırdıq. Meydança da ideal səviyyədə idi. İstədiyimizi edirdik.

 

- Oyun başlayanda xüsusilə də hakimə qarşı çox aqressiv idin...

- İki epizod var idi ki, cərimə yox idi, amma hakim əleyhimizə qərar verdi. Mən də normal olaraq etiraz elədim.

 

- Penaltini Monroza jest edib vermişdin, amma vura bilmədi. Ürəksiz vermişdin?

- Qətiyyən ürəksiz deyildim. Birinci penalti zamanı da yaxınlaşdı, amma ona risk edə bilmədim. Məsuliyyəti öz üzərimə götürdüm. Amma ikincidə baxdım ki, hesabda irəlidəyik, o da soyuqqanlı idi, amma alınmadı.

 

- Peşman olmadın?

- Kənardan dedilər ki, niyə özün vurmadın? Amma o da komanda yoldaşımdı, xətrinə dəymək istəmədim.

 

- Final oyunu Qəbələdə olacaq. Bu sizin üçün təzyiq olacaq, ya üstünlük?

- Təzyiq olacağını düşünmürəm. “Keşlə” yaxşı komandadı. Final da bir oyundan ibarətdi. Çalışacağıq ki, kuboku biz alaq.

 

- Kubokdakı qalibiyyət çempionatdakı oyunlarınıza təsir edəcək?

- Bu suala cavab verməyə çətinlik çəkirəm. Nə desəm, yalan ola bilər.

 

- Həftəsonu yenə “Neftçi” ilə bu meydanda oynayacaqsız...

- Maraqlı olacaq yəqin ki.

 

- Sizə elə gəlmir ki, yarımfinal oyunu finaldan daha gərgin və prinsipial idi?

- Final bugünkü oyun olsa idi, əla olardı. Möhtəşəm ajiotaj var idi.