DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının yeni baş məşqçisinin adı tezliklə açıqlanacaq. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə Per-Matias Hoqmo ilə yolları ayıran Norveç Futbol Federasiyası yerli çalışdırıcı Stole Solbakkendən cavab gözləyir.
Belə ki, hazırda Danimarkanın “Kopenhagen” klubunun “sükanı arxası”nda olan 48 yaşlı məşqçiyə düşünmək üçün 1 həftə vaxt verilib. Federasiyadan bildirilib ki, siyahıda 20 məşqçinin adı olsa da, əsas namizəd məhz Solbakkendi. Bu səbəbdən rəhbərlik onun cavabını öyrənmədən, digər məşqçilərlə danışıqları konkretləşdirmək istəmir. Hələ Azərbaycana 0:1 hesablı məğlubiyyətdən sonra Solbakkenin adı Norveç millisi ilə birgə hallanmağa başlamışdı.
Solbakken ona verilən istirahət müddətindən yararlanaraq, sabah Danimarkanı tərk edəcək. Təcrübəli çalışdırıcı ölkəsinə qayıdaraq, bir müddət öncə görüşdüyü federasiya rəhbərliyinin təklifini cavablandıracaq.
Qeyd edək ki, danimarkalılar “Kopenhagen”lə 2018-ci ilə qədər müqaviləsi olan məşqçi ilə vidalaşmaq istəmirlər.