“Lion” Avropa Liqasının 1/4 final mərhələsinin “Beşiktaş”la cavab matçında azarkeş dəstəyindən məhrum olacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu “Beşiktaş”ın prezidenti Fikrət Orman deyib.
Klub rəhbəri bildirib ki, bununla bağlı Fransa klubu ilə razılaşıblar. “Lion” fanatları üçün ayrılan 2100 bilet isə yerli azarkeşlərə satılacaq: “Lion”la ilk oyunda xoşagəlməz hadisələr yaşandı. Onlar bu gün İstanbula gələcək və bizim qonağımız olacaqlar. Rəqib komandadakı həmkarım azarkeşlərinin xoşniyyətli olmadığını bildirərək, onları bura gətirməyəcəklərini bildirdi. O, “Vodafon Arena”da “Lion” üçün ayrılan tribunanı da “Beşiktaş”a verdi. Biz isə həmin biletləri öz azarkeşlərimizə satacağıq”.
Qeyd edək ki, sabah keçiriləcək “Beşiktaş” – “Lion” matçı Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. Bu komandalar arasında Fransada oynanılan ilk qarşılaşmada meydan sahibləri minimalhesablı (2:1) qələbə qazanıblar.