Sabah Avropa Liqasında (AL) yarımfinal mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasından fərqli, AL-də hər iki yarımfinal görüşü eyni gündə baş tutacaq.
Turnirin son, həmçinin ən çox qalibi olan “Sevilya” səfərdə “Şaxtyor”la qarşılaşacaq. Unai Emerinin yetirmələri Ukraynadan sərfəli nəticə ilə qayıtmağa çalışacaqlar. Bunu bacaracağı təqdirdə, “Sevilya” öz meydanında keçiriləcək cavab qarşılaşması öncəsi üstünlük əldə edəcək. Lakin ispanların heyətində ciddi problemlər var. Belə ki, təcrübəli yarımmüdafiəçi Xose Antonio Reyes, həmçinin Adil Rami, Benoi Tremulinas və Vitolo zədədən əziyyət çəkirlər. Əməliyyat olunan Reyesin “Şaxtyor”la matçı buraxacağı dəqiqdisə, digər 3 oyunçunun bu oyunda iştirakı sual altındadı.
Öz növbəsində “Şaxtyor”un da itkiləri var. Braziliyalı yarımmüdafiəçi Fred cəzalı olduğu üçün bu görüşdə komandasına kömək edə bilməyəcək. Zədəli Marsio Azevedonun isə oynayıb-oynamayacağı dəqiq bilinmir.
Lvovda baş tutacaq görüşü polşalı hakimlər briqadası idarə edəcək.
Gecənin digər qarşılaşması isə “Madriqal” stadionunda keçiriləcək. İspaniyanın yarışdakı digər təmsilçisi “Vilyareal” “Liverpul”u qəbul edəcək. “Sarı sualtı qayıq” La Liqanın XXXV turunda “Real Sosyedad”la qolsuz bərabərliyə qalıb. “Liverpul” da İngiltərə Premyer Liqasının son turunda 1 xalla kifayətlənib. Belə ki, “qırmızılar” “Nyukasl”la 2:2 hesablı heç-heçəyə imza atıblar. Hər iki komanda AL-in əsas favoritlərindən olduğundan, matçın gərgin mübarizə şəraitində keçəcəyini təxmin etmək olar. Ötən mərhələdə Dortmund “Borussiya”sını mübarizədən kənarlaşdıran “Liverpul”un baş məşqçisi Yurgen Klopp daha istəkli görünür. Bunu almaniyalı çalışdırıcının açıqlamalarından da hiss etmək mümkündü. Ancaq “Vilyareal” da AL-in kuboku uğrunda sona qədər mübarizə aparmaq iqtidarındadı. Ötən mərhələdə “Sparta”nı asanlıqla mübarizədən kənarlaşdıran Primero təmsilçisi budəfəki rəqibini də büdrətməyə çalışacaq.
“Vilyareal”un heyətində Baptistao, Jaume Kosta və Musakkio zədəlidi. Baptistaonun oyunu buraxmaq ehtimalı yüksək olduğu halda, digər 2 futbolçunun meydana çıxmaq şansı var. Buna isə həkimlərin son qərarından sonra aydınlıq gələcək. “Vilyareal”la müqayisədə, “Liverpul”un heyətlə bağlı problemi daha çoxdu. Əmrə Can və Divok Oriqinin bu görüşü buraxacağı dəqiqləşib. Lakin “mersisaydlılar”ın problemləri bununla bitmir. Belə ki, Kristian Benteke, Joe Qomes, Cordan Henderson, Denni İnqs və Cordan Rossiter də zədədən əziyyət çəkir. Onların İspaniyadakı matçdakı iştirakı sual altındadı.
“Vilyareal” – “Liverpul” görüşündə isə sloveniyalı hakimlər ədaləti qoruyacaqlar.
Avropa Liqası, yarımfinal mərhələsinin ilk oyunları
28 aprel
23:05. “Şaxtyor” (Ukrayna) – “Sevilya” (İspaniya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomas Listkieviç, Radoslav Sieyka
Əlavə hakim köməkçiləri: Pavel Raçkovski, Tomas Musial (hamısı Polşa)
Lvov. “Lvov Arena”
23:05. “Vilyareal” (İspaniya) – “Liverpul” (İngiltərə)
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul
Əlavə hakim köməkçiləri: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Vilyareal. “Madriqal” stadionu