DÇ-2018-in seçmə mərhələsində baş tutacaq Azərbaycan – Almaniya matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA ölkəmizə italiyalı hakimlər briqadasını göndərəcək.
Martın 26-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşü Daniele Orsato idarə edəcək. Ona Mauro Tonolini və Rikkardo di Fiore kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Marko Quida yerinə yetirəcək. Oyunun komissarı moldovalı Adrian İksari olacaqsa, hakimlərin işinə rusiyalı hakim-inspektor Aleksey Spirin qiymət verəcək.
Baş hakim Daniele Orsato 2010-cu ildən FİFA referisi adını dayışır. 42 yaşlı italiyalının yolu ilk dəfədi ki, Azərbaycan komandaları ilə kəsişir. Təcrübəli referi beynəlxalq arenada indiyə qədər 50 matçda ədalət təmsilçisi olub. Zəngin karyerası olan Orsato Çempionlar Liqası və Avropa Liqasında qrup oyunları ilə yanaşı, 1/8 final matçlarına da təyinat alıb.
Orsato yığmamızdan fərqli, Almaniya millisinin oyununu bir dəfə idarə edib. Belə ki, 2011-ci ildə Bundestimin Polşa ilə yoldaşlıq görüşündə məhz o fit çalıb və oyun 2:2 hesabı ilə başa çatıb.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İsveç – Hollandiya (1:1) qarşılaşmasına təyinat almış Orsatonun beynəlxalq arenada idarə etdiyi son görüş Çempionlar Liqasının 1/8 final mərhələsində “Lester” – “Sevilya” (2:0) olub. O, bu mövsüm həmçinin “Mançester Siti”, “Atletiko” və “Barselona”nın da ÇL oyunlarını idarə edib.
Orsato Avropa arenasında idarə etdiyi 50 görüşdə 198 dəfə əlini cibinə atıb. Bunun 184-də sarı vərəqəyə müraciət edən italiyalı 14 dəfə də futbolçunu meydançadan qovub. O, eyni zamanda 16 dəfə də penaltiyə ehtiyac duyub.