Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Maynts” – “Qəbələ” matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA qarşılaşmanı Britaniyadan olan hakimlər briqadasına həvalə edib.
Belə ki, görüşü uelsli Simon Li Evans idarə edəcək. Ona Qaret Vin Cons və Lyuiss Ross Edvards kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Bekkett yerinə yetirəcək. Qarşılaşmanın əlavə köməkçi hakimləri Brin Markham-Cons və Nik Pratt olacaq.
Oyunun hakim-inspektoru estoniyalı Are Habikt, UEFA nümayəndəsi isə irlandiyalı İmon Nuton olacaq.
Qeyd edək ki, “Maynts” – “Qəbələ” matçı dekabrın 8-də “Maynts Arena”da keçiriləcək.
Simon Li Evans Azərbaycan üçün tanış simadı. Uelsli referi karyerası ərzində bir dəfə təmsilçimizin Avrokubok matçını idarə edib.
Bu, 2012-13 mövsümünə təsadüf edir. Belə ki, Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə adlayan “Neftçi”nin qrupda “Partizan”la ev görüşündə məhz Evans ədalət təmsilçisi olub. Paytaxt klubunda Flavinyonun fərqləndiyi oyun 1:1 hesabı ilə nəticələnib. Bakıdakı matçda 9 dəfə əlini cibinə atan 41 yaşlı hakim 8 sarı, 1 qırmızı vərəqəyə müraciət edib. O, yeganə “qırmızı”nı “Partizan”ın bərabərlik qolunun müəllifi Aleksandar Mitroviçə göstərib.
“Neftçi”nin heyətində isə 4 oyunçunu – Saşa Stamenkoviç, Flavinyo, Emin Mehdiyev və hazırda “Qəbələ”də çıxış edən Rəşad Sadiqovu sarı vərəqə ilə cəzalandırıb.
2007-ci ildən FİFA referisi adını daşıyan Simon Li Evans ümumilikdə 56 beynəlxalq görüşə təyinat alıb. Bu qarşılaşmalarda 10 penalti təyin edən britaniyalı 13 qırmızı, 269 sarı vərəqədən istifadə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı