“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Maynts”da müdafiəçi Leon Baloqunun durumuna aydınlıq gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 28 yaşlı futbolçunun zədəsinin ciddi olduğu məlum olub.
Bundesliqanın V turunda “Bayer”lə (2:3) qarşılaşmada zədələnən Nigeriya millisinin üzvü “Qəbələ” ilə qarşılaşmanı buraxmalı olacaq. Belə ki, həkimlər onun sentyabrın 29-da Bakıda baş tutacaq matçda iştirakına icazə verməyiblər. Baloqun həmçinin Bundesliqanın VI turunda “Volfsburq”la, eləcə də Nigeriya yığmasının növbəti oyununda da iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qəbələ” – “Maynts” görüşü 8-ci km qəsəbə stadionunda keçiriləcək.