[b]“Məğlubiyyət ölüm demək deyil” – Şimali İrlandiya yığmasının hücumçusu[/b]
13.10.2016 - 12:53
[b]“Məğlubiyyət ölüm demək deyil” – Şimali İrlandiya yığmasının hücumçusu[/b]

“Almaniyada bizi nəyin gözlədiyini bilirdik. Belə böyük komanda ilə oyunda təhlükəli hücumlar qurmaq çətindi. Biz bunu bacarsaq da, təəssüf ki, çərçivəyə düşə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının hücumçusu Joş Magennis deyib.

 

DÇ-2018-in seçmə mərhələsində Almaniyaya (0:2) məğlub olduqları matçı dəyərləndirən 26 yaşlı futbolçu sərgilədikləri oyundan razı qaldıqlarını söyləyib: “Almaniyaya məğlub olmağımıza baxmayaraq, oyunumuzdan razı qaldıq. Çünki dünyanın ən güclü yığmalarından biri ilə səfər qarşılaşmasında bir neçə qol imkanı əldə etmişdik. Biz builki Avropa çempionatında Almaniya ilə qarşılaşdığımızdan, onları yaxşı tanıyırdıq. Rəqibdə təkcə ilk “11-lik” yox, bütün komanda çox güclüdü. Belə komandaya qarşı oynamaq fantastikadı. Almaniyaya məğlubiyyət ölüm demək deyil. Artıq 18-ci dəqiqədə 0:2 hesabı ilə geriyə düşmüşdük. Amma “sınmadıq”, sona qədər mübarizəmizi davam etdirdik”.

 

Üç turdan sonra aktivində 4 xal olan Şimali İrlandiya yığması gələn ay 7 xala malik Azərbaycan millisini qəbul edəcək. Magennis öz meydanlarındakı görüşdə qələbə qazanıb, 2-ci pilləyə yüksələcəklərini inanır: “Yüksək keyfiyyətli oyunçulara malik möhkəm kollektivimiz var. Almaniyaya yenilsək də, pozitiv olmalıyıq. Çünki gələn ay Azərbaycan yığmasını öz meydanımızda məğlub edə bilsək, qrupda ikinci pilləyə yüksələcəyik. Yeni ili ikinci pillədə qarşılamaq əla olar. Bunu özümüsə hədiyyə edə bilərik. Martda başlayacaq növbəti matçlar öncəsi Almaniyadan sonra ikinci yerdə olmaq bizə əlavə ruh yüksəkliyi verər”.

 

Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan oyunu noyabrın 11-də Belfast şəhərində yerləşən “Uindsor Park” stadionunda keçiriləcək.