[b]“Millinizin mərhələ keçmək şansı var” – İtaliya yığmasının kapitanı[/b]
04.02.2016 - 09:42
[b]“Millinizin mərhələ keçmək şansı var” – İtaliya yığmasının kapitanı[/b]

Avropa çempionatının final mərhələsi çərçivəsində ilk oyununu İtaliyaya qarşı keçirən futzal üzrə yığmamız yarışa məğlubiyyətlə başlayıb. Oyun bitdikdən sonra Apennin təmsilçisinin kapitanı Qabriel Lima apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Matç haqda nə deyə bilərsiz?

- Azərbaycan yığması çətin komandadı. Üstəlik, bu qarşılaşmanın ilk oyuna təsadüf etməsi işimizi xeyli çətinləşdirdi. Çünki start hər zaman ağır keçir. Amma maraqlı oyun alındı. Hər iki komanda qələbə qazana bilərdi. Ancaq biz şanslarımızdan yaxşı istifadə etdik.

 

- Azərbaycan yığmasının müdafiə xəttini, xüsusilə də, birinci hissədə yarmaq çətin oldu. Bu cür müdafiə gözləyirdizmi?

- Azərbaycan yığmasını tanıyırıq. Ötən çempionatla müqayisədə heyətinizdə az dəyişiklik olub. Əsas yenilik qapıçı ilə bağlıdı. O da bu gün işinin öhdəsindən gəldi. Bilirdik ki, rəqibin heyətində fərdi keyfiyyətlərinə görə seçilən futzalçılar var. Taktiki planda da yaxşı oynadılar. Amadeonu itirmələri işimizə yaradı. Onun meydandan qovulmasından sonra azlıqda qalan rəqibin müdafiə xəttini yara bildik.

 

- Oyunun taleyini qırmızı vərəqənin həll etdiyini demək olarmı?

- Belə də oldu. Buna şübhə etmirik. Amadeonun qüvvətli zərbələri var. Onun qapı istiqamətinə hər zərbəsi bizə çətinlik yaradırdı. Güclü oyunçunun meydandan qovulması təsirsiz ötüşməyə bilməzdi.

 

- Qrupdakı digər rəqib Çexiya yığmasının da oyununa bələdsiz. Necə düşünürsüz, favorit İtaliyaya bu qrupda hansı komanda qoşulacaq?

- Növbəti oyun kilid rolunu oynayacaq. Bilirəm ki, Çexiya güclü müdafiə xəttinə sahibdi. Onlar əks hücumlarda oynamağa çalışacaqlar. Azərbaycan millisinin mərhələ keçmək  şansı var. Bundan sona qədər istifadə etmək lazımdı.

 

- Yığmanız Belçikada olduğu kimi, yenə Avropa çempionu adını qazana biləcəkmi?

- Buna ümid edirik. Ağılla oynayıb, əvvəlcə qrupdan növbəti mərhələyə yüksəlməliyik. Ondan sonra titulumuzu qorumaq uğrunda mübarizənin çətin anları başlayacaq.