Avropa Liqasında yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Napoli” klubu qrup mərhələsində nümayiş etdirdiyi məhsuldarlıqla tarixə düşüb.
Maurisio Sarrinin yetirmələri 6 qarşılaşmada 22 qol vurub. Orta göstəricisi 3,67-yə bərabər olan Neapol klubu ev oyunlarının hər birində 5 qol vurub. Danimarka “Midtyulland”ı və Belçika “Brügge”sini eyni 5:0, Polşa “Legiya”sını 5:2 hesabı ilə məğlub edən “Napoli” səfərdə 7 qola sevinib.
Bununla, Avstriya “Zalsburq”unun ötən mövsüm qeydə alınan rekordu yenilənib. Sonuncular 1 il öncə 21 qola sevinmişdi.
Azərbaycan çempionu “Qarabağ” da məhsuldarlığı ilə rekord vurub. Ağdamlılar “Anderlext”lə sonuncu turun qarşılaşmasında (1:2) fərqlənərək, qrupda 4-cü qolunu vurub. Bu göstərici ilə Qurban Qurbanovun yetirmələri Azərbaycan klublarının qrupdakı məhsuldarlıq rekordunu təkrarlayıb.
2012/13 mövsümündə qrupda 4 qol vuran “Neftçi”yə şərik olan “Qarabağ” bir il əvvəlki ilə müqayisədə 1 top artıq vurub.
Belə ki, ağdamlılar 2014/15 mövsümündə 3 dəfə fərqlənmişdi. Cari mövsüm qitə miqyaslı turnirin qrupunda çıxış edən digər klubumuz “Qəbələ” isə 2 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, 0,67-yə bərabər Azərbaycan rekordu “Napoli”nin göstəricisindən 3 top aşağıdı. 4 klubumuz birlikdə qrupda 13 qol vurubsa, italiyalılar təkbaşına 22 dəfə fərqlənib.