Topaz Premyer Liqasının IV turunda “Neftçi” “Qəbələ”ni qəbul edir. Apasport.az saytının məlumatına görə, oyuna maraq elə də çox deyil.
Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”nın tribunalarının böyük hissəsi boşdu. Meydan sahibi “Neftçi”nin azarkeşləri komandanı yenə tək qoyublar. Mövsümün əvvəlindən bakılıları boykot edən fan-klublar ənənəni davam etdirirlər.
Yalnız “Forza Neftçi” fan-klubunun üzvləri oyuna gəliblər. Ancaq onlar komandanı dəstəkləmək yox, uğursuz nəticələrə görə öz etirazlarını bildirmək üçün tribunadakı yerlərini alıblar. Fan-klubun üzvləri etirazlarını “istefa” şüarları səsləndirərək edirlər. Onlar “formanı çıxardın, rədd olun, gedin”, “Vəli, istefa”, “Çingiz, istefa” şüarları səsləndirir, komandanı fitə basırlar.
Yerli qəsəbə sakinlərinin bir qismi, bəzi futbolçuların ailələri və “Qəbələ”nin bir qrup azarkeşləri də stadiondakı yerlərini alıblar. Bir sözlə, “Neftçi” meydan sahibi olsa da, tribunada “Qəbələ, Qəbələ” şüarları daha gur səslənir.