[b]“Neftçi” – “Sumqayıt”: Əliyar Ağayev varsa, xal yoxdu... [/b]
29.01.2016 - 15:25
[b]“Neftçi” – “Sumqayıt”: Əliyar Ağayev varsa, xal yoxdu...  [/b]

FİFA referisi Əliyar Ağayev Topaz Premyer Liqasının cari mövsümündə 11-ci oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, XIX turun sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” matçına qədər 10 dəfə baş hakim funksiyasını yerinə yetirən yaşlı referi 4 dəfə meydan sahibləri, 4 dəfə qonaqların qələbəsinə şahid olub.

 

2 heç-heçə qeydə alan Ağayevin idarə etdiyi oyunlarda hər tərəf 13 qol sevinci yaşayıb. Meydan sahiblərini 20 sarı, 1 qırmızı ilə cəzalandıran referi qonaqlara qarşı cüzi sərt olub – 21 sarı, 2 qırmızı. Penaltilərdə isə bu sərtlik artıb. Ağayev hər iki belə qərarını meydan sahiblərinin lehinə verib. Amma onlardan biri dəqiq olmayıb.

 

“Neftçi”nin bu hakimlə yolları daha çox – 4 dəfə kəsişib. Həmin oyunlarda “Rəvan”ı 3:1, “Xəzər Lənkəran”ı 2:0 hesabı ilə yenən “ağ-qaralar” “Zirə”yə 2, AZAL-a 1 qolla uduzub. Paytaxt təmsilçisini 14, rəqiblərini 9 sarı vərəqə ilə cəzalandıran hakim bakılıları 2 dəfə azlıqda qoyub. “Rəvan”la matçda Aylton Silva, “Zirə”ylə görüşdə Fəhmin Muradbəyli cəzalanıb.

 

“Zirə”yə 2:3, AZAL-a 0:2 hesabı ilə uduzan “Sumqayıt” Ağayevin idarə etdiyi matçlarda xal qazanmır. Həm “Gənclik şəhəri” təmsilçisinə, həm də rəqiblərinə eyni sayda – 4 sarı vərəqə verən referinin təyin etdiyi penalti isə qolla nəticələnməyib. Ağabala Ramazanov imkandan yararlana bilməyib.