Mövsümə uğursuz startdan sonra baş məşqçi dəyişikliyinə gedən “Neftçi” yeni çalışdırıcı Elxan Abdullayevin rəhbərliyi altında ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda Topaz Premyer Liqasının V turunda “İnter”lə qarşılaşır.
Bakılılar IV turda “Qəbələ”yə biabırçı məğlubiyyətdən (0:8) sonra Vəli Qasımovla yollarını ayırıb, baş məşqçi postuna Elxan Abdullayevi gətirməsinə baxmayaraq, azarkeşlərin narazılığı hələ də davam edir.
“İnter Arena”da start fiti yenicə verilən görüşdə iki komandanın azarkeş sayı ümumilikdə bir sektoru ancaq doldurar. Qonaqların azarkeşləri çoxluq təşkil etsələr də, onlar stadiona yenə etirazlarını bildirmək üçün toplaşıblar.
Belə ki, qapı arxası sektorda yerlərini tutan “Forza Neftçi” fan-klubunun üzvləri “Qaytarın bizə köhnə “Neftçi”ni”, “Ləkə saldınız” kimi müxtəlif şüarlarla klubun futbolçularına və rəhbərliyə öz etirazlarını bildirirlər.
Qeyd edək ki, hazırda ilk hissəsi gedən oyunda hesab açılmayıb.