“Hələ Karaqandada olanda Azərbaycan klublarının mənimlə maraqlandığını eşitmişdim. Buna görə də, özümü yaxşı formada saxlamağa çalışırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri qazaxıstanlı futbolçu Akif Həsənov deyib.
Karyerasını Azərbaycanda davam etdirəcək 19 yaşlı hücumçu ölkəsinin mətbuatına müsahibə verib.
“Neftçi”də bir neçə gün baxışda olduqdan sonra “ağ-qaralar”la deyil, I divizion təmsilçisi “Qaradağ Lökbatan”la müqavilə imzalayan Həsənov əvvəlcə buna aydınlıq gətirib.
O, “Neftçi”yə keçidinin baş tutmamağını vətəndaşlığı ilə əlaqələndirib: “Azərbaycana “Neftçi”də baxışda olmaq üçün gəlmişdim. Özümü heç də pis göstərmədim. Ancaq iş müqavilə imzalamağa çatanda dedilər ki, “Neftçi”də ancaq Azərbaycan vətəndaşlığını qəbul edəcəyim halda, oynaya bilərəm. Təbii ki, bu variant məni qane edə bilməzdi. Buna görə də, həmin təklifdən imtina etdim. Daha sonra “Qaradağ Lökbatan” rəhbərliyi mənimlə görüşdü və legioner qismində bu komandada oynamağımı istədi. “Qaradağ Lökbatan” Azərbaycanın I divizionunda çıxış edir. Hazırda turnir cədvəlində 2-ci yerdə qərarlaşıb və komandanın qarşısına Premyer Liqaya çıxmaq tapşırığı qoyulub. Məhz bu səbəbdən onların təklifinə razılıq verdim”.
“Qaradağ Lökbatan”la cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayan Həsənovun sözlərinə görə, fərqli mövqelərdə oynamaq bacarığına sahibdi: “Burda baxışdan uğurla keçdim və müqaviləyə qol çəkdim. “Qaradağ Lökbatan”ın baş məşqçisi məni mərkəz hücumçusu mövqeyində görür. Ancaq yarımmüdafiənin hər iki cinahında da oynaya bilərəm. Şadam ki, “Şaxtyor” rəhbərliyi legioner həyatı yaşamağıma problem yaratmadı”.
“Azərbaycan yığmasında oynamaq barədə düşünürsüzmü” sualına Həsənovun cavabı belə olub: “Azərbaycan yox, Qazaxıstan yığmasında özümə yer etmək istəyirəm. Qazaxıstanda anadan olub, orda böyümüşəm. Məqsədim öz ölkəmin yığmasında oynamaqdı. Yeni komandamda özümü yaxşı tərəfdən göstərsəm, Qazaxıstanın gənclər millisinə çağırılaram”.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"