[b]“Neftçi” transferlərə böyük pullar xərcləmək fikrində deyil”[/b]
22.05.2017 - 12:11
[b]“Neftçi” transferlərə böyük pullar xərcləmək fikrində deyil”[/b]

“İlk vaxtlar asan deyildi. Yeni dil, yeni komanda yoldaşları. Klubda hər şeyin əla səviyyədə olması mənə kömək etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 2016/17 mövsümünün ikinci yarısını “Neftçi”də keçirən çexiyalı futbolçu Zdenek Folprext deyib.

 

Çexiya mediasına müsahibəsində ölkəmizdə keçirdiyi 4 aylıq karyerası haqda danışan futbolçu paytaxtımızdan razı qalıb: “Böyük klubumuz var ki, lazım olanda hər kəs kömək etməyə hazır idi. Vəziyyətin belə olduğunu görəndə, düzgün qərar verdiyimə əmin oldun. Göydələnlərə malik Bakı çox gözəldi. Neftin gətirdiyi pullar hər addımda görünür. Eyni zamanda, şəhərdə gəzdikcə tarixlə nəfəs alırsan. Bakıdakı həyat möhtəşəmdi. Belə fikirləşməyimdə daim oynamağımın da rolu var. 16 oyundan 15-də şans qazandım. Bəlkə də ehtiyatda qalsaydım, belə düşünməzdim”.

 

Folprext iki ölkə çempionatını da müqayisə edib: “Çexiya ilə müqayisədə Azərbaycan çempionatının bəzi oyunçuları fərdi ustalığına görə daha yaxşıdı. Sürətli oyunçular topla da yaxşı rəftar edirlər. Lakin belələri o qədər də çox deyil. Digər komandalar “Qarabağ” və “Qəbələ”dən geri qalır. Onlar təxminən  Liberets “Slovan”ına yaxın səviyyədədi. Avrokuboklarda üz-üzə gəlsələr, liberetslilər uduzar. Onların oyunlarına seleksiyaçılar gəlsə, bir-iki yerli futbolçu seçə bilər”.

 

Çexiyalı futbolçu ölkəmizdə üzləşdiyi legioner limitinin sərtliyindən şikayətlənib: “Yerli oyunçularla birlikdə qəhvə içir, nahar edirdik. Mövsümün dəyərləndirməsində baş məşqçimiz bizimlə birgə az vaxt keçirməsindən şikayətlənirdi. Heyətə düşmək uğrunda rəqabətdə biz iki qrupa bölünmüşdük. Mən və Pavel Dreksa da daxil olmaqla, ona yaxın legioner 6 yerə iddia edirdik. Mən indiyədək heç vaxt belə böyük rəqabət görməmişdim. Əsas rəqibim venesuelalı Edson Kastilyo idi. Azərbaycan karyeram mənim üçün heyətə düşmək baxımından böyük məktəb oldu”.

 

“Neftçi”dəki gələcək karyerası ilə bağlı suala cavab verməkdə çətinlik çəkən legioner müqavilə ilə məxsus olduğu təmsilçimizlə “Slovan” arasında danışıqların nəticəsini gözlədiyini bildirib: “Neftçi” eyni baş məşqi ilə yoluna davam edəcək. Bakını tərk etməzdən əvvəl onunla söhbətimiz oldu. Məni saxlamaq istədiyini bildirdi. Amma bunun üçün “Slovan”la danışıqlar aparmalıdırlar. Onlar müqaviləsi olan futbolçunu almaq istəmirlər. Bu klub transferlərə böyük pullar xərcləmək fikrində deyil, ancaq azad agentləri havayı əldə etməyə çalışır”.