Azərbaycanın ən titullu klubu “Neftçi” 7-ci pilləni tərk edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Premyer Liqanın XVIII turunda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edərək, xoşagəlməz sabitliyi pozub.
Belə ki, bakılılar ardıcıl 14 tur idi 7-ci pillədə möhkəmlənmişdi. Mövqeyini dəyişə bilməyən paytaxt təmsilçisi IV turdan sonra bu yerə yuvarlanmışdı.

Sentyabrın 11-də “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Kəpəz” 7-ci pilləni “Neftçi”yə təhvil vermişdi. O gündən də sonuncudan 2-ci olan “ağ-qaralar” yalnız AZAL-a yuxarıdan aşağı baxırdı.
Ardıcıl 14 turu sonuncu pillənin üstündə tamamlayan “Neftçi” 155 gündən sonra irəliləyişə nail olub. Bakılılar yenə 7-ci pilləni “Kəpəz”ə qaytarıb.
İlk turdan sonra 2-ci olan “Neftçi” növbəti iki turdan sonra 6-cı yerdə qərarlaşmışdı. IV-XVII turları 7-ci yerdə bitirən komanda mövsümdə 3-cü dəfə 6-cı olub.
Qeyd edək ki, yazıda komandaların tur başa çatandan sonrakı mövqeyi əsas götürülüb, ilk oyun günündən sonrakı cədvəl nəzərə alınmayıb.