[b]“Neftçi”dən heç kimlə danışıq aparmaram” – MÜSAHİBƏ[/b]
08.04.2018 - 21:22
[b]“Neftçi”dən heç kimlə danışıq aparmaram” – MÜSAHİBƏ[/b]

“Sumqayıt”ın futbolçusu Rəşad Eyubov Topaz Premyer Liqasının XXII turunda “Sumqayıt”la keçirilən matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə Eyubov “Neftçi”yə keçmək məsələsinə də toxunub.

 

- Oyunun 73-cü dəqiqəsində hakimdən icazə alaraq meydanı tərk etdiniz. Həmin anda nə baş vermişdi?

- Texniki problem yaranmışdı, ayaqyoluna getməli idim. Ona görə meydandan çıxdım. Lakin baş məşqçi dəyişiklik etməyə qərar verdi.

 

- Üç dəqiqə komanda azlıqda çıxış etdi. Baş məşqçinin dəyişiklik qərarı barədə nə deyə bilərsiniz?

- Baş məşqçi belə qərar verdi. Onun nə düşündüyünü deyə bilmərəm.

 

- Oyun barədə düşüncələriniz nələrdi?

- İki fərqli hissə oldu. Matça yaxşı başladıq, qol vəziyyətləri yaratdıq. Ancaq fasilədən sonra belə davam edə bilmədik. Öz səhvimizdən qol buraxdıq. Bunu təhlil edəcəyik. Ancaq xarakter nümayiş etdirib qol vura bildik.

 

- Baxımlı qol vurdunuz. Bunu karyeranızın ən gözəl qolu saymaq olar?

- Mən gözəl olub-olmadığına baxmıram. Mənim üçün əsas məsələ qolun vacibliyidi.

 

- Qarşıdan “Keşlə” ilə kubokun yarımfinal matçı gəlir...

- Bəli, artıq kubok görüşünə hazırlaşmalıyıq. Bizim üçün vacib oyun olacaq. Fikrimcə, şanslar yarı-yarıyadı. Onların çempionatda heç bir iddiaları qalmadığından, bütün diqqətlərini kuboka yönəldiblər.

 

- Milli komandaya dəvət aldıqdan sonra daha inamlı təsir bağışladığınızı demək olarmı?

- Milli komanda əlavə motivasiya verir. Bilirsən ki, artıq daha güclü oynamalı, az səhvə yol verməlisən. Çalışmalıyam ki, bu dəvət müntəzəm olsun.

 

- “Neftçi”dən təklif alsanız, müsbət cavab verərsiniz?

- Hələlik yalnız “Sumqayıt”ın oyunlarına köklənmişəm. Mövsüm başa çatdıqdan sonra belə məsələlərə baxmaq olar.

 

- “Sumqayıt”ın bir neçə futbolçusunun yayda “Neftçi”yə keçəcəyi deyilir...

- Hamımız “Sumqayıt”ın oyunları barədə düşünürük. Mənimlə heç kim əlaqə saxlamayıb. Saxlanılsa belə, heç kimlə danışıq aparmaram. Bu, ilk növbədə "Sumqayıt”a qarşı hörmətsizlik olar. "Neftçi” avrokuboka vəsiqə uğrunda əsas rəqibimizdi.