Azərbaycan Premyer Liqasını 7-ci pillədə başa vuran “Neftçi”nin yay hazırlıq planı müəyyənləşib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
“Ağ-qaralar” avrokuboklara vəsiqə qazana bilmədiyindən, bir qədər gec yığışacaqlar. Belə ki, Abdullayev futbolçulara ay yarım istirahət verib. Paytaxt təmsilçisi iyunun 23-də Bakıda bir araya gələcək. Hazırlığın ilk mərhələsi iyulun 10-na qədər Bakıda baş tutacaq. Həmin gün “Neftçi” ölkəni tərk edəcək. Abdullayev iyulun 10-dan 25-dək ölkə xaricində təlim-məşq toplanışı keçəcəklərini bildirsə də, hansı ölkəyə yollanacaqlarına hələ aydınlıq gəlmədiyini vurğulayıb.
İyulun 25-də vətənə dönəcək “Neftçi” hazırlığın 3-cü və sonuncu mərhələsini öz bazasında keçərək, növbəti mövsümü gözləyəcək.