[b]“Neftçi”nin "maraqlandığı" məşhur özünə klub axtarır[/b]
23.01.2017 - 13:30
[b]“Neftçi”nin "maraqlandığı" məşhur özünə klub axtarır[/b]

“Sampdoriya”nın hücumçusu Antonio Kassano karyerasını bitirmək fikrinə düşüb. Apasport.az saytının məlumatına görə, bunu Genua klubunun baş məşqçisi Marko Campaolo deyib.

 

O bildirib ki, Kassano əsas heyətə düşə bilmədiyi üçün futboldan getmək niyyətindədi: “Antonio mənə dedi ki, əgər başqa təklif olmasa, karyerasını bitirəcək. Hətta vida matçı keçirməyi də fikirləşmir”.

 

Bu mövsüm hələ də oynamaq şansı qazanmayan İtaliya millisinin sabiq forvardı “Sampdoriya” ilə yaya qədər olan müqaviləsinə xitam verilməsini rəhbərlikdən xahiş edib. 35 yaşlı futbolçunun gələcəyi ilə bağlı qərarı təkliflərdən asılı olacaq.

 

Kassanonun adı 2015-ci ilin yayında “Neftçi” ilə birgə hallanmışdı. Həmin vaxt paytaxt təmsilçisinin ulduz futbolçu ilə hətta danışıq apardığı da bildirilmişdi. Hazırda isə “Neftçi”nin hücumçuya, Kassanonun isə kluba ehtiyacı yaranıb. Ancaq ortaya sual çıxır ki, italiyalı indiki şərtlərdə ölkəmizə gələrmi və “Neftçi”nin onu gətirməyə gücü çatarmı?

 

Qeyd edək ki, 2003-2014-cü illərdə İtaliya millisinin heyətində 39 oyun keçirən (10 qol) Antonio Kassano karyerası ərzində “Bari”, “Roma”, “Real”, “Sampdoriya”, “Milan”, “İnter” və “Parma” klublarının şərəfini qoruyub.