Topaz Premyer Liqasının XXVI turunda “Kəpəz”lə qarşılaşacaq “Neftçi” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın heyətlə bağlı problemləri hələ bitməyib.
Belə ki, əsas heyət üzvlərindən olan Jayro Rodriges Filyo bu görüşü buraxacaq. XXIV turda “Qəbələ” ilə qarşılaşmada qırmızı vərəqə alan, daha sonra isə 2 oyunluq cəzalandırılan braziliyalı müdafiəçi ötən turda olduğu kimi, yenə komandasına kömək edə bilməyəcək.
Digər müdafiəçi, uzun müddətdi yaşıl meydanlardan uzaq qalan Məqsəd İsayev isə məşqlərə başlayıb. Bununla belə, baş məşqçi funksiyasını müvəqqəti olaraq, yerinə yetirən Vəli Qasımovun sıraya yeni dönən futbolçuya “11-lik”də şans verəcəyi inandırıcı görünmür. Odu ki, İsayevin bu qarşılaşma iştirak edib-etməyəcəyi dəqiqləşməyib.
AZAL-la matçda son 10 dəqiqədə meydanda olan Məhəmməd Qurbanov isə artıq tam hazırdı. Zədəsini sağaldaraq, sıraya dönən hücumçu şans veriləcəyi təqdirdə, komandasına kömək edə bilər.
Qeyd edək ki, martın 19-da keçiriləcək “Neftçi” – “Kəpəz” qarşılaşması saat 18:00-da start götürəcək.