[b]“Neftçi”nin sabiq baş məşqçisi maşın alverçisi çıxdı[/b]
23.02.2016 - 16:37
[b]“Neftçi”nin sabiq baş məşqçisi maşın alverçisi çıxdı[/b]

“Dinamo”ya keçəndən 1 il sonra, konkret 1980-ci ildə evlə təmin olunmuşdum. Ya 1982, ya da 1983-cü ildə isə “Volqa” markalı avtomobil vermişdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi, ukraynalı çalışdırıcı Anatoli Demyanenko deyib.

 

Kiyev “Dinamo”sunun və SSRİ yığmasının keçmiş futbolçusu ölkəsinin mətbuatına geniş müsahibə verib. Futbolçu karyerasını yada salan Demyanenko maraqlı fikirlər səsləndirib.

 

O, həmin illərdə Azərbaycana və digər Qafqaz ölkələrinə maşın satdığını və bu yolla çoxlu gəlir əldə etdiyini bildirib: “Açığı, sürücülük kursu keçmədən maşın sürmüşəm. Avtomobil idarə etməyi asanlıqla öyrənmişdim. O vaxt futbolçulara “Qaz-24” markalı avtomobil verilirdi. Bu, futbolçuların ən böyük qazancı sayılırdı. Komandada avtomobil almaq növbəsi yaranmışdı. O vaxt Ukraynada partiya sədri olan Vladimir Şerbitski futbolu çox sevirdi və “Dinamo”ya köməklik edirdi. Bu məsələdə də bizə yardımı dəymişdi. “Volqa” yekə, ağır maşın olduğundan, onu sürmək istəmirdik. Buna görə də, satıb, özümüzə “Jiquli” – “08”, “09” alırdıq. Bir də ki, onlar “Volqa”dan ucuz idilər. Azərbaycan, Gürcüstan və Ermənistan kimi respublikalarda isə “Volqa” sürməyi sevirdilər. Buna görə də, maşınlarımızı məhz o ölkələrə satırdıq. Biz futbolçular bundan yaxşı gəlir əldə edirdik. Dəqiq hara olduğu yadımda deyil, amma mən də “Volqa”mı Qafqaz ölkələrindən birinə satmışdım, özü də ikiqat qiymətə. Əgər 80-ci illərdə “Volqa”nın dövlət qiyməti 14 min rubl idisə, mən onu 28 və ya 30 min rubla satmışdım”.

 

Qeyd edək ki, 57 yaşlı çalışdırıcı 2008-ci ildə “Neftçi”də işləyib.