Ardıcıl 5-ci dəfə İtaliya A seriyasının qalibi olan “Yuventus” tarixində 32-ci Skudettonu qazandı. Apasport.az saytının məlumatına görə, “qoca sinyora” daxili birincilikdəki rekordunu yeniləsə də, Avropada heç də ön sıralarda deyil.
Top-çempionat hesab edilən 12 liqada Turin təmsilçisini üstələyən komandalar da var. Maraqlıdı ki, bu ölkələrdə ən çox çempion olan komanda “Olimpiakos”du. Yunanıstan təmsilçisi 43 dəfə daxili birincilikdə mövsümü zirvədə tamamlayıbsa, onun ən yaxın izləyicisi olan “Benfika” Portuqaliyada 34 dəfə qızıl mükafatçı olub.
“Yuve” yalnız “böyük beşlik” ölkələri arasında ən çox çempionluq sevinci yaşayan “Real”a çatıb. “Bavariya” və “Mançester Yunayted” onlardan xeyli geri qalır. Fransada da ən çox çempion olan komanda 10 dəfə ilə “Sent-Etyenn”di.
Azərbaycanda ən çox qızıl medalçı isə “Neftçi”di. 1992-ci ildən bəri keçirilən çempionatlarda 8 dəfə (1992, 1995/96, 1996/97, 2003/04, 2004/05, 2010/11, 2011/12, 2012/13) fəxri kürsünün ən yüksək pilləsinə qalxan paytaxt təmsilçisi 3 ildi buna həsrətdi.
Ümumiyyətlə, Avropada ən çox çempion olan komanda “Reyncers”di. 54 dəfə Şotlandiya yüksək liqasını ilk sırada tamamlayan qlazqoluları 51 çempionluqla Şimali İrlandiya klubu “Linfild” izləyir.
Top-çempionatların rekordçu çempionları:
1. “Olimpiakos” (Yunanıstan) – 43 dəfə
2. “Benfika” (Portuqaliya) – 34
3-4. “Ayaks” (Hollandiya) - 33
3-4. “Anderlext” (Belçika) – 33
5-6. “Real” (İspaniya) – 32
5-6. “Yuventus” (İtaliya) - 32
7. “Dinamo” (Kiyev, Ukrayna) – 28 (13 - SSRİ, 15 - Ukrayna)
8. “Bavariya” (Almaniya) – 25
9. “Spartak” (Moskva, Rusiya) – 21 (12 – SSRİ, 9 - Rusiya)
10-11. “Mançester Yunayted” (İngiltərə) – 20
10-11. “Qalatasaray” (Türkiyə) – 20
12. “Sent-Etyenn” (Fransa) - 10