[b]“Nənəm və babam necə oynadığımı görmək istəyirlər” – azərbaycanlı futbolçu[/b]
11.04.2016 - 16:58
[b]“Nənəm və babam necə oynadığımı görmək istəyirlər” – azərbaycanlı futbolçu[/b]

“Nənəm və babam artıq Almaniya yığmasının şərfini alıblar. Onlar mənim necə futbol oynadığımı görmək istəyirlər”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Almaniya yığmasının üzvü Renat Dadaşov deyib.

 

Almaniyanın U-17 millisinin ən məhsuldar futbolçusu olan Azərbaycan əsilli oyunçu gələn ay ölkəmizdə təşkil ediləcək Avropa çempionatına iddialı gələcək. Əvvəllər Azərbaycanın U-15 millisinə dəvət almış Renatın böyük qardaşı Rüfət Dadaşov isə Berti Foqtsun dönəmində əsas komandamızın formasını geyinirdi.

 

Almaniya mətbuatına açıqlama verən Renat Dadaşov idmançı ailəsində böyüdüyünü bildirib: “Azərbaycandakı Avropa çempionatına qatılmaq mənim ən böyük arzularımdan biridi. İdman mənim qanımda var. Anam həndbolçu, atam isə su poloçusu olub. Onlar oyunlarımı izləmək üçün hər həftəsonu 400 km məsafə qət edirlər”.

 

Qeyd edək ki, sonuncu dəfə 2009-cu ildə Avropa çempionu olan Almaniyanın U-17 yığması mayın 5-də Bakıda start götürəcək qitə birinciliyində Bosniya və Herseqovina, Ukrayna və Avstriya ilə bir qrupda mübarizə aparacaq.

0