“Bu yaxınlarda FİFA-nın auditindən keçdik. Ən xırda detallara qədər göstəririk. Halbuki bu, digər qurumlarda sirr kimi saxlanılır”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib jurnalistlərə açıqlamasında bir müddət öncə “Kəpəz”in Müşahidə Şurasından geri çağırılan və AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri postundan başqa vəzifəyə keçirilən Mikayıl Nərimanoğlu haqda da danışıb. O, məsələ ilə bağlı araşdırmanın davam etdirildiyini söyləyib: “Biz çalışdıq ki, bu məsələdə kifayət qədər şəffaf olaq. Rəqəmlərlə şəffafıq. Bölgədə yeganə federasiyayıq ki, ildə bir dəfə hesabat veririk. Sualın “Kəpəz”lə bağlı olduğu aydındı. Mikayıl Nərimanoğlu məndən öncə AFFA-da işləyir, onu burda tanımışam. Artıq 10 ildi birlikdə işləyirdik və yenə işləyəcəyik. İki il əvvəl nümayəndə kimi Gəncəyə göndərildi. “Kəpəz”in strukturu belədi: Müşahidə Şurası və İdarə Heyəti, sədr, sədr müavini və üzvləri var. Mikayıl müəllim orda AFFA-dan olan üzv idi. Qarşısına məqsəd qoyulmuşdu ki, maliyyə şəffaflığı olsun, uşaq və gənclər futbolunun aktiv hərəkəti olsun. Hazırda “Kəpəz”dən yalnız U-21-də 1 nəfər var. Bütün güc birinci komandaya qoyulmuşdu. Biz istəyirdik ki, təkcə bu yox, həm azarkeşlər, həm də mətbuatla sıx əməkdaşlıq olsun. Təəssüf ki, bunu görmədik. Əsas səbəb budu. Gördük ki, strukturda, təyinatlarda səhvlər var. Hansısa təyinat olur, amma arxasında əmr yoxdu. Halbuki, əmr olmalıdı. Strukturda hüquqi baxımdan problemlər var idi. Auditə gəlincə, AFFA-nın mühasibatlığı bizdən çıxan hər pula görə cavabdehdi. Baş müsahib ayrıca hesabat verir. Buna birbaşa cavabdeh şəxs odu. Orda bəzi sənədlər çatışmır. Bundan sonra auditi göndərdik. Onlar da yoxladı və hazırda yazılı rəy hazırlayırlar. Şifahi bildirdilər ki, müəyyən səhvlər var, hüquqi cəhətdən bəzi sənədlər çatışmır. Mikayıl müəllimə kifayət qədər vaxt vermişdik. Orda icraçı direktor da var. Mikayıl müəllim “Kəpəz”də İdarə Heyətində yer alırdı. Hansısa bir sanksiya tətbiq etmək üçün məndə rəsmi rəy olmalıdı. Hazırda yalnız şifahi rəy var. Bu, bir günün prosesi deyil. Biz Mikayıl müəllimə və ordakı baş mühasibə məlumat vermişik. Bu gün baş mühasiblə görüşüm olacaq. O, Gəncədən Bakıya gəlir. Səhvlər var, amma açıq deyim ki, kritik deyil. Kritik hədd odu ki, sənədləri düzəltmək olar, ya yox. Tutalım, komanda Bakıya ezam olunub. Bunun əmri olmalıdı. Bildiyiniz kimi, Gəncədə stadion hazır deyildi. Əmr yoxdusa, akt tərtib edirlər. Bütün Azərbaycan bilir ki, Gəncəni stadionu təmir olunduğundan, komanda “Dalğa Arena”da oynayırdı. Bu, kritik deyil. Amma komanda keçən il xaricə ezamiyyətə gedibsə və bunun əmri yoxdusa, onda bu, kritikdi”.
Məmmədov Nərimanoğlunun ciddi maliyyə pozuntusunda iştirak etmədiyini bildirib: “Bu məsələdə söhbət rəqəmlərdən, kiminsə pul götürməsindən getmir. Hər şey şəffaf olaraq açıqlanacaq. İlk növbədə futbol nəticələri bizim tələblərimizə uyğun deyil. Keçən il də “Kəpəz”ə hüquqi baxımdan yoxlama getmişdi. Çalışırıq ki, hər il bunu edək. Mikayıl müəllim “Kəpəz”dən geri çağırıldı. Sonra isə AFFA-nın daxili strukturunda düşündük ki, o, burda kifayət qədər işləyib. Və bu vəzifəni öhdəliyinə götürməyə Firuz Abdulla tam hazırdı. Firuzla görüşüb təklif etdik və qəbul etdi. Biz Nərimanoğlunun sonda “Kəpəz”də və AFFA-dakı işindən razı deyildik. Ona görə bu qərarı verdik. Mikayıl müəllim bundan sonra komitələrdən birində koordinator kimi çalışacaq. Firuz Abdulla da öz strategiyasını bizə təqdim etməlidi”.