Yunanıstanın “Olimpiakos” klubunun ev oyunlarındakı qələbə seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, öz meydanında ardıcıl 29 çempionat oyununda qalib gələn Pireney təmsilçisi XII turun “Kerkira” ilə matçında xal itirib.
Qolsuz heç-heçə ilə başa çatan görüş davam etməkdə olan seriyalar arasında dünya rekordunun qırılması ilə nəticələnib.
Bu, İtaliya çempionu “Yuventus”un 1-ci pilləyə yiyələnməsinə səbəb olub. Turin klubu 23 matçdı qonaqlara xal vermir. Dünya ikincisi isə Tacikistan təmsilçisi “İstiklol”du. Düşənbə təmsilçisi ardıcıl 20 ev oyununda qələbə qazanıb.
“Olimpiakos”un siyahını tərk etməsi Topaz Premyer Liqasında 14 matçdı qonaqlara güzəştə getməyən “Qarabağ”ı 3-cü pilləyə daşıyıb. Lakin ağdamlıları sabah “Qəbələ”yə qarşı çətin sınaq gözləyir.
Təmsilçimizi hərəyə 10 qələbəsi olan 4 komanda izləyir. Bunlar “Roma” (İtaliya), TNS (Uels), “Riyeka” (Xorvatiya) və “Darul Takzim” (Malayziya) klublarıdı.