“Suares yalançıdı. Hamı bilir ki, o, psixoloji problemləri olan balaca uşaqdı”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Luis Suaresin sabiq agenti Daniel Fonseka deyib.
Uruqvaylı hücumçu bir müddət əvvəl açıqlamasında Fonsekanın ona 200 min avro borcunun olduğunu bildirərək, keçmiş agentini günahlandırmışdı.
Fonseka isə sabiq müştərisinin ittihamlarını qəbul etməyib. Suaresin psixoloji problemlərinin olduğunu deyən agent qarşı tərəfə sərt şəkildə cavab verib: “Luis indinin özündə də tez-tez psixoloqa müraciət edir. Ancaq düşünmürəm ki, bunun ona köməyi dəysin. Təsəvvür edirsiz, Suares barmaqları ilə sayır. Bizim aramızda problem mən ona sözün düzünü deyəndən sonra başladı. Həmin vaxt Suares Uruqvayın gənclər yığmasında çıxış edirdi. Bir dəfə 3 komanda yoldaşı mənə zəng edib dedi ki, Luislə yola getmək onlar üçün çətindi. Bundan sonra Suaresə xoş olmayan sözlər işlətdim. Amma həmin sözləri ölənə qədər açıqlamayacağam. Suares o sözləri qəbul edə bilmədi. Qorxaq məni günahlandırmaqdansa, çıxıb düzünü danışmalıdı. Ancaq etiraf etməyə cəsarəti çatmır”.