21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadənin apasport.az saytına müsahibəsi
- Antalyada keçirilən iki həftəlik təlim-məşq toplanışı sizi nə dərəcədə qane etdi?
- Qısa vaxt ərzində komanda 5 oyun keçirdi. Məşq etmək üçün vaxtımız az oldu. Oyunlar göstərdi ki, uşaqlarda potensial var, amma üzərlərində çox işləməlidilər. Xüsusilə də, beynəlxalq oyunları maksimum dərəcədə keçirmək lazımdı ki, təcrübə toplasınlar. Ümumi götürdükdə, hazırlıq mərhələsi yaxşı keçdi.
- İlk iki oyunda heç-heçə etsəniz də, sonrakı matçları məğlubiyyətlə başa vurdunuz. Nə dəyişdi?
- Razıyam, oyunun statusundan asılı olmayaraq, nəticə hər zaman vacibdi. İlk iki görüşdə komanda pis görünmürdü. Futbolçular həm fiziki, həm də taktiki planda yaxşı təsir bağışladılar. Toplanışa başladığımız ilk 3 gün ərzində məşqdə verdiyim tapşırıqları yerinə yetirməyə çalışırdılar. Son 3 oyunda məğlub olduq. Bəhanə gətirmirəm, həqiqətən də, uşaqlar yorğun idilər. Kimisi istirahətdən, kimisi də komandasının məşqindən ayrılıb 1-2 günlük də olsa, bizə qoşulur, oyuna çıxır, yenidən gedirdilər. Yorğun olan futbolçudan maksimumu tələb etmək mümkün deyil, istəsən də alınmayacaq. Üçüncü qarşılaşmanın fasiləsinə qədər tapşırdığımı icra etməyə çalışırdılar. Heyətdə dəyişiklik etmişdik. Müdafiədə problemlər var idi.
- Səudiyyə Ərəbistanı və Sudanın gənclər komandaları ilə qarşılaşmada yenilgi gözlənilən deyildi...
- Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşdıq. Onlar Asiya çempionatında ikinci yeri tutublar və bu il keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcəklər. Sudana gəldikdə, onların U-23 komandası ilə üz-üzə gəldik. Ardıcıl iki gündə ikinci oyuna çıxmağımız, üstəlik, zədəli futbolçumuzun olması, yorğunluq nəticəyə təsirsiz ötüşmədi. Matçın gedişində iki müdafiəçini dəyişməli olduq, zədələndilər, sona qədər oynaya bilmədilər. Belə götürdükdə, bizim komanda hələ U-20-di, əksəriyyəti 1997-98-ci il təvəllüdlü futbolçulardı.
- Antalyada toplanışda olan klublarımız futbolçularını millinin düşərgəsinə buraxmışdılarmı?
- “Qarabağ”la danışdıq, Mahir Mədətov klubunun məşqlərində iştirak etdi. Eləcə də Budaq Nəsirov toplanışa qatılmamışdı. Fəhmin Muradbəyli sonuncu matçda bizə kömək etdi. Klubları ilə danışdıq və dedik ki, onlar orda hazırlaşsınlar. Üç gün burda, iki gün orda – bu, düz gəlməyəcəkdi.
- Klubların oyunlarını necə, izlədinizmi?
- “Neftçi”nin iki oyununu izlədim.
- Komanda necə təsir bağışladı? Qışaqədərki “Neftçi” ilə yenilənmiş komanda arasında fərq çoxdu?
- Komandada çox dəyişiklik edilib. Bu, oyun zamanı aşkar görünürdü.
- Necə düşünürsüz, son seçmə mərhələdəki U-21-lə müqayisədə əlinizdəki “materiallarla” daha döyüşkən, mübariz kollektiv yaratmaq mümkün olacaqmı?
- İndidən nəsə demək tezdi. Gələcəkdə keçirəcəyimiz oyunlar bunu göstərəcək. Çünki Antalyada biz heç bir oyunu tam heyətlə keçirə bilmədik. İlk iki görüşdə istifadə etdiyimiz futbolçular yenidən klublarına qayıtmalı oldular.
- Elə futbolçular oldu ki, U-19-dakı çıxışından sonra təxminən bir ildən artıqdı klubunda ya əvəzedici heyətdə yer alır, ya da gününü ehtiyatda oturmaqla keçirir. Onların gerilədiyi hiss olunurdumu?
- Belə futbolçular var idi. Xüsusilə də, 1996-cı il təvəllüdlülər sonuncu dəfə U-19 millisində oynayıblar və son ilyarımda, 2 ildə “artırmaq” əvəzinə gerilədikləri hiss olunurdu. Əlbəttə, əvəzedici komandada oynamaqla Avropa çempionatının seçmə mərhələsindəki hansısa rəqibə qarşı mübarizə aparmaq tam fərqli hazırlıq tələb edir.
- Heyətin tam komplektləşmədiyi bir vaxtda toplanışı Bakıda keçirmək olmazdımı?
- Biz ötən ay Bakıda da toplanış keçirmişdik. Əsas beynəlxalq oyunlarda gücümüzü sınamaq idi. Uşaqlar nə qədər başqa ölkələrin komandalarına qarşı oynasalar, inkişaf da bu zaman hiss olunacaq.
- U-21-in İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil etmək şansı varmı?
- Bu haqda bizə heç nə deyilməyib.
- Üç gündən sonra U-21-lər arasında Avropa çempionatının yeni mövsümünün püşkü atılacaq. Səbətlər məlumdu. Bu dəfə hansı komandalarla qarşılaşmaq istərdiniz?
- Səbətlərə baxmışıq. Bu yaş qrupları haqda konkret söz demək çətindi. Elə milli var ki, yuxarı səbətdə yer alıb, amma komandanın heyətində boşluqlar var. Və ya əksinə, elə milli də ola bilər ki, aşağı səbətdə məskunlaşıb, ancaq həmin yaş qrupu çox güclüdü.
- Yəqin ki, qarşılaşmağı arzulamadığınız komanda yox deyil?
- Var, amma bunu açıqlamağın mənası yoxdu. Son seçmə mərhələdə güclü rəqiblərlə qarşılaşdıq. Futbolçuların inkişafı üçün o cür oyunlardan keçmək, onların təzyiqini, sürətini hiss etmək, görmək lazımdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı