DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu həftə Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığması daha bir futbolçunun xidmətindən məhrum ola bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, rəqib üçün Stüart Dallasın da matçı buraxmaq təhlükəsi yaranıb.
Ceymi Uordun ardınca “Lids Yunayted”in yarımmüdafiəçisi də zədələnib. Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil də bunu təsdiqləyib və Dallasın Azərbaycanla matçda iştirakının sual altında olduğunu bildirib.
Yerli mətbuata açıqlamasında Dallasın vəziyyəti ilə bağlı danışan “Lids Yunayted”in çalışdırıcısı Qari Monk isə yetirməsinin Azərbaycana qarşı oynadılmasına qarşı çıxıb: “Stüart son günlərdə topa toxunmayıb. Tibbi, fiziki, ümumiyyətlə, istənilən nöqteyi-nəzərdən onun hazırda millidə olması mənasızdı. Çünki Azərbaycanla görüşdə meydana çıxsa, bu, Dallas üçün böyük risk ola bilər. Sadəcə, biz milli komandaya bu barədə tövsiyə verə bilmərik. Onlar istədikləri kimi işləyirlər. Yenə deyirəm ki, Dallasın Azərbaycana qarşı oynaması böyük risk olar. Əminəm ki, millinin məşqçilər korpusu bu riski etmək istəməzlər”.
Qeyd edək ki, Şimali İrlandiya – Azərbaycan matçı noyabrın 11-də Belfastda keçiriləcək.