“Çox yaxşı oyun alındı. Azarkeşlər maraqlı qarşılaşma izlədilər. Turnirə yaxşı başlamağımızın və işləri düzgün qurmağımızın nəticəsi olaraq bu gün finala vəsiqə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının müdafiəçisi Dieqo Dalot deyib.
Avropa çempionatının bu gün keçirilən yarımfinal oyununda Hollandiya ilə qarşılaşan və hər hissədə vurduğu 1 qolla ümumilikdə 2:0 hesabı ilə qələbə qazanan Portuqaliya millisi finala yüksəlib.
Komandasının ikinci qolunun müəllifi oyundan sonra jurnalistlər üçün keçirilən brifinqdə Joao Filipe haqda da danışıb. O, driblinqləri ilə Kriştianu Ronaldonu xatırladan futbolçunun gələcəkdə böyük oyunçu olacağına inandığını vurğulayıb: “Filipe yaxşı futbolçudu. Onun Kriştianu Ronaldo kimi böyük futbolçu olacağına inanıram. Təkcə o yox, digər futbolçularımız da sözlərini deyəcəklər”.
Müdafiəçi hücuma qoşulmamasına da aydınlıq gətirib: “Qələbə qazansaq da, rəqibə hörmətlə yanaşırıq. Bizim oyun taktikamız var. Baş məşqçi kimin necə, harda oynayacağını əvvəlcədən bildirir. Biz də meydanda ona uyğun hərəkət edirik”.
“Finaldakı rəqib üçün xüsusi sürpriz hazırlamısınızmı?” sualına futbolçu belə cavab verib: “Bu haqda danışmaq istəmirəm. Daha doğrusu, icazəmiz yoxdu”.