[b]“Öz çıxışımdan tam razı qalmadım” – “Qəbələ”nin futbolçusu[/b]
18.05.2016 - 01:04
[b]“Öz çıxışımdan tam razı qalmadım” – “Qəbələ”nin futbolçusu[/b]

“AZAL-la oyun bizim üçün çox vacib idi. Bu üzdən meydana yalnız qələbə üçün çıxmışdıq. Sevinirəm ki, istəyimizə çatıb, meydanı 3 xalla tərk etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Qismət Alıyev deyib.

 

Bu mövsüm əsas komandada 7, Premyer Liqada isə 6 matç keçirən 19 yaşlı dayaq yarımmüdafiəçi fikirlərini klub saytına açıqlayıb: “Ardıcıl 2-ci matçdır 90 dəqiqə meydanda oldum. Elvin Camalov zədəli olduğundan “Qarabağ” və AZAL-la görüşlərdə baş məşqçimiz mənə şans verdi. Mən də bütün bacarığımı ortaya qoydum. Çalışacağam ki, əsas heyətə 1-2 oyunluq düşmədiyimi sübut edib, burada möhkəmlənim. Son oyuna gəlincə, öz çıxışımdan tam razı qalmadım. Çünki oyun praktikam azdır. Bu da özünü göstərir. Amma oynadıqca matçdan-matça irəliləyiş hiss edirəm. Hələ potensialımı tam aça bilməməyim də bununla bağlıdır. Rəşad Sadiqov, Aleksey Qay və digər təcrübəli futbolçularla yanaşı meydanda olduqca həm təcrübə, həm oyun praktikası qazanıram. Bu da daha yaxşı çıxış etməyə kömək edir”.

 

Qismət mövsümün Gəncədə keçiriləcək son oyunu haqda fikirlərini də açıqlayıb, bürünc medalın taleyi baxımından önəmli olan “Kəpəz”lə görüşün vacibliyini qeyd edib: “Qarşıda bizi mövsümün son oyunu gözləyir. Vacib və çətin qarşılaşma olacaq. Bilirik ki, “Kəpəz” öz meydanında yaxşı mübarizə aparır və nadir hallarda uduzur. Lakin bizə də yalnız qələbə lazımdır. Buna nail olmaq üçün var qüvvəmizi meydanda qoyacağıq. Düşünürəm ki, bu vəzifənin öhdəsindən gəlmək gücündəyik. Qələbə qazanmaq üçün hücumda yaxşı oynayıb, imkanları uğurlu şəkildə sona çatdırmalıyıq”.

0