[b]“Özümü hələ də bağışlaya bilmirəm” – Milan Şkoda[/b]
12.10.2016 - 16:26
[b]“Özümü hələ də bağışlaya bilmirəm” – Milan Şkoda[/b]

“Nə baş verdiyini başa düşə bilmirəm. Əlbəttə, 3 oyunda 2 xal toplamaq bizim üçün ağır nəticədi. Amma hələ heç nə itirilməyib”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya yığmasının hücumçusu Milan Şkoda deyib.

 

Dünya çempionatının seçmə mərhələsinə uğursuz başlanğıc edən çexiyalılar qrupun III turunda öz meydanlarında Azərbaycan millisinin müqavimətini qıra bilməyiblər – 0:0. Dünən “Munisipal” stadionunda baş tutan görüşün 66-cı dəqiqəsində meydana daxil olan Şkoda 79-cu dəqiqədə hesabı aça bilərdi. Ancaq həmin kritik epizodda o, yaxın məsafədən topu düz qapıçı Kamran Ağayevin üstünə vurub.

 

30 yaşlı forvard yerli mətbuata açıqlamasında həmin epizodun şokundan hələ də ayılmadığını söyləyib: “Son dəqiqələrdə qələbə qolunu vurmağa çox yaxın oldum. Sol cinahdan gələn ötürməyə birbaşa zərbə vursaydım, bəlkə də, qol olacaqdı. Amma topu sol ayağımla saxlayıb zərbə vurmağı qərara aldım və onu düz qapıçının üstünə vurdum. Rəqib qapıçı çox yaxşı yer seçmişdi. O epizodu qaçırdığım üçün hələ də özümü bağışlaya bilmirəm”.

 

İlk 3 turda cəmi 2 xal toplayan Çexiya yığması hələ aktivinə qol yazdıra bilməyib. Şkoda bu durumdan çıxmağa çalışdıqlarını vurğulayıb: “Oyundan-oyuna turnir cədvəlində irəliləmək və sonda 2-ci yeri tutmaq üçün mübarizəmizi davam etdirəcəyik. İndi bütün diqqətimizi Norveçlə gələn ay keçiriləcək matça yönəltməliyik. Artıq tilsimi qırıb, qələbə qazanmalıyıq. Başa düşürük ki, itiriləsi bir şey qalmayıb. Böyük təzyiq hiss etməsək də, bu vəziyyətdən çıxış asan olmayacaq”.

 

Qeyd edək ki, ilk 3 turda 7 xal toplayan Azərbaycan millisi Almaniyadan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşır. Çexiya isə 2 xalla 5-ci yerdədi.

0