[b]“Panatinaikos”da daha bir itki[/b]
26.07.2017 - 15:46
[b]“Panatinaikos”da daha bir itki[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos”un daha bir futbolçusu sıradan çıxıb. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina klubunun yarımmüdafiəçisi Stefanos Çatzigiovannis matçdan iki gün əvvəlki məşqdə zədə alıb.

 

20 yaşlı oyunçunun zədələnməsi baş məşqçi Marinos Ozunidisi çətin vəziyyətdə qoyub. Çünki komandanın əsas sağ cinah yarımmüdafiəçisi Lukas Villifanez, onsuz da, zədə ucbatından “Qəbələ” ilə ilk görüşü buraxacaq. Onun yoxluğunda çalışdırıcı Çatzigiovannisi həmin mövqedə oynatmağı düşünürdü. Lakin indi baş məşqçi başqa variantı nəzərdən keçirməlidi.

 

Yunanıstanlı həmkarlarımız Ozunidisin sabahkı qarşılaşmada Brayan Kabezasa şans vermək şansının daha çox olduğunu düşünür. Lakin “Alkmaar”la yoxlama görüşündə ekvadorlu futbolçunun hazır görünməməsi çalışdırıcını B variantı axtarışına vadar edir. Ozunidisin variantları arasında Gilyermo Molins və Dimitrios Emmanulidis də var. Ancaq Molins gənc komanda yoldaşından bir addım öndə göstərilir.

 

Qeyd edək ki, sabah “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” – “Qəbələ” görüşü Bakı vaxtı ilə 22:30-da start götürəcək.