“Hər oyunu eyni futbolçularla keçirmək riskdi. Bu üzdən PAOK-un bəzi futbolçularının “Qarabağ”la görüş üçün qorunacağını düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu yunanıstanlı futbol mütəxəssisi Nikos Karageorgiu deyib.
Gələn həftə Avropa Liqasının qrup mərhələsi çərçivısində “Qarabağ”ın qonağı olacaq PAOK əvvəlcə oktyabrın 16-də Yunanıstan Super Liqasının VII turunda “İraklis”lə qarşılaşacaq.
PAOK-un həm futbolçusu, həm də baş məşqçisi olmuş Karageorgiu gərgin qrafik öncəsi hazırda bu komandanın “sükanı arxası“nda dayanan Vladimir İviçə məsləhət verib. Yerli mətbuata açıqlama verən 53 yaşlı mütəxəssis həmkarından “İraklis”lə qarşılaşmada bəzi əsas heyət üzvlərinə istirahət verməyi istəyib.
O bildirib ki, komanda gələn həftə “Qarabağ”a qalib gəlsə, təmsilçimizlə növbəti görüşə ikinci heyətlə çıxa bilər: “Müxtəlif vaxtlarda heyətdə dəyişiklik qaçılmazdı. Əks təqdirdə oyunçudan istədiyini ala bilməzsən. Axı futbolçu da insandı. Əgər lazımi vaxtda futbolçuya istirahət versən, o, daha dinamik olur. Üstəlik, zədədən də qaçır. PAOK-da komanda yoldaşlarını meydanda layiqincə əvəzləyəcək və onların yoxluğunu hiss etdirməyəcək oyunçular var. Rotasiyanı da nəzarəti əldən vermədən məntiqli şəkildə etməlisən. Məsələn, PAOK gələn həftə “Qarabağ”ı məğlub etsə, baş məşqçi gərək azərbaycanlılarla ikinci oyuna ehtiyat heyəti buraxsın. Belədə oyunçular da özlərini yaxşı hiss edərlər”.
Qeyd edək ki, “Qarabağ” – PAOK oyunu oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.