Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Serbiyada xatırlanıb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, keçmiş qapıçı Ranko Stojiç millimizin çalışdırıcısını yada salıb.
Belə ki, Serbiya yığmasının üzvü Luka Milivoyeviçi tərifləyən Stojiç onun “Srvena Zvezda”ya keçidində Prosineçkinin rol oynadığını bildirib: “Robert Milivoyeviçin oyununu çox bəyənirdi. Onu “Srvena Zvezda”ya gətirmək istəyirdi. Həmin vaxt bu futbolçu Belqradın “Rad” komandasında yer almışdı. Yadımdadı, Prosineçki ilk görüşdə mənə dedi ki, Luka onun komandasının kapitanı olacaq. Həqiqətən də, Milivoyeviç ilk vaxtlardan liderliyi ilə seçilirdi. Atası kimi, onun da əsas arzusu “Srvena Zvezda”da oynamaq idi. Prosineçki komandadan gedəndən sonra isə klub rəhbərliyi maliyyə problemi ilə əlaqədar Lukanı “Anderlext”ə satdı”.
Bu ildən İngiltərənin “Kristal Pelas” klubunda çıxış edən Luka Milivoyeviç 2012-2013-cü illərdə “Srvena Zvezda”nın formasını geyinib. 26 yaşlı yarımmüdafiəçi 2012-ci ildən Serbiya yığmasının da üzvüdü.
Qeyd edək ki, Prosineçki isə 2010-2012-ci illərdə ”Srvena Zvezda”nı çalışdırıb.