Superliqada çempionluq mübarizəsində “Beşiktaş”dan 5 xal geri qalan “Qalatasaray” baş məşqçi Yan Olde Riekerinklə yolları ayırmağı planlaşdırır. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunun prezidenti Dursun Özbək hollandiyalı çalışdırıcının işindən razı deyil.
“Sarı-qırmızılılar” Riekerinklə mövsümün sonunda yolları ayırmağa qərar veriblər. “Qalatasaray” cari mövsümdə çempionluq və kuboku əldə etsə belə, təcrübəli mütəxəssislə yollar ayrılacaq. Çünki Özbək “cim-bom”un “sükanı arxası”nda yerli məşqçi görmək istəyir.
“Qalatasaray” rəhbərliyi mövsümün sonunda ilk olaraq, 2 çalışdırıcı ilə danışıqları gücləndirəcək. Bunlar Fatih terim və Abdullah Avcıdı. Əgər bu məşqçilərdən heç birini razı salmaq mümkün olmasa, tanınmış əcnəbi mütəxəssislərdən biri üçün hərəkətə keçiləcək.
Qeyd edək ki, Fatih Terim hazırda Türkiyə millisini, Abdullah Avcı isə “Başakşəhər” klubunu çalışdırır.