Türkiyənin “Qalatasaray” klubunun yeni baş məşqçisi bəlli olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İstanbul təmsilçisi hollandiyalı Yan Olde Riekerinkə tapşırılıb.
Klubun idarə heyətinin yığıncağında qərara alınıb ki, 2015/16 mövsümünün sonunadək bu vəzifə 53 yaşlı çalışdırıcıya həvalə olunsun. “Qalatasaray”a ötən ay aşağı yaş qruplarına cavabdeh mütəxəssis kimi cəlb olunan Riekerink Mustafa Dənizlinin istefasından sonra boş qalan postu tutub.
Qeyd edək ki, Riekerink “Ayaks”ın yeniyetmə komandasını, “Gent”, “Emmen”i çalışdırıb, “Porto” və Donetsk “Metallurq”unda köməkçi məşqçi kimi fəaliyyət göstərib. Sonradan “Ayaks” akademiyasının rəhbəri olmuş Riekerink Çinin U-20 və U-16 yığmalarına da rəhbərlik edib.