Topaz Premyer Liqasının çempionu finişə 4 tur qalmış müəyyənləşə bilər. Apasport.az saytının məlumatına görə, həftəsonu baş tutan XXIII turun qarşılaşmalarının nəticələri elə vəziyyət yaradıb ki, növbəti oyunlarda qızıl medalların sahibinin adına aydınlıq gətirməsi mümkündü.
Daha doğrusu, bunun üçün bir matçın nəticəsi yetərlidi. Söhbət “Qarabağ”ın ardıcıl 5-ci çempionluğu rəsmiləşdirməsindən gedir.
Məsələ ondadı ki, Gəncədə “Kəpəz”i 1:0 hesabı ilə yenən Qurban Qurbanovun yetirmələri bu qələbə ilə turnir cədvəlinin ilk pilləsindən birini təmin edib. Artıq 56 xala malik Ağdam klubu 3-cü olan “Sumqayıt” üçün əlçatmazdl. Ən pis halda, “gümüş”ü qazanacaq “Qarabağ” 2-ci olan “Qəbələ” ilə xal fərqini də 14-ə çatdırıb. Buna “qırmızı-qaralar”ın “Səbail”lə ev matçında xal itirməsi səbəb olub.
Finişə 5 tur qalmış 14 xallıq üstünlüyün olması isə o deməkdi ki, “Qarabağ”a çempionluq üçün vur-tut 2 xal lazımdı. Qızıl medalların taleyinin XXIV turda həll olunması üçün iki qarşılaşmadan birində Qurbanovun yetirmələrinə sərf edən nəticə qeydə alınmalıdı.
Ağdamlıların aprelin 21-də çempionluq sevinci yaşaması mümkündü. Həmin gün son illərin dəyişməz çempionu səfərdə “Sumqayıt”la oynayacaq. “Qarabağ” səfərdə qalib gəlsə, mövsümün son matçlarının nəticəsindən asılı olmayaraq, 1-ci yeri təmin edəcək.
5 qat ölkə çempionu “Gənclik şəhəri”ndə qələbə qazanmasa, ertəsi gün qızıl medal sevinci yaşaya bilər. “Qarabağ”ı əzəli rəqibi “Neftçi”nin xal qazanması çempionluğa daşıya bilər. Belə ki, 2-ci pillədə qərarlaşan “Qəbələ” Bakıda “ağ-qaralar”a qalib gəlməsə, yəni ən azı 2 xal itirsə, liderə çatmaq şansını itirəcək.
Bir sözlə, qızıl medalların sahibi tapması üçün ya “Qarabağ” qalib gəlməlidi, ya da “Qəbələ” xal itirməlidi. Əgər sonuncular meydanı 3 xalla tərk etsə, ağdamlılar isə itki ilə üzləşsə, Premyer Liqanın taleyi XXV turadək təxirə salınacaq.
Düzdü, “Qəbələ” qalib gəlsə, “Qarabağ” heç-heçə etsə, komandalar arasında fərq sona 4 tur qalmış 12-yə bərabər olacaq. “Qızıl oyun”un nəzərdə tutulmadığı çempionatda rəqiblər arasında şəxsi görüşlərdə üstünlük məsələsinə aydınlıq gəlmədiyi üçün 12 xallıq fərq qızıl medalların sahibini müəyyənləşdirməyəcək.
Qeyd edək ki, “Qarabağ” və “Qəbələ” arasında şəxsi oyunlarda ağdamlılar 2:1, “qırmızı-qaralar” 1:0 hesabı ilə qalib gəlib, bir dəfə qolsuz bərabərlik qeydə alınıb. Komandalar arasında son matç isə XXVIII tura təsadüf edəcək.